Avropanın ən nüfuzlu turniri olan Çempionlar Liqasında “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappenin “Olimpiakos”a qarşı vurduğu dörd qol onu turnir tarixində xüsusi yerə qaldırıb.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, bu performans Mbappeni Avropa Çempionlar Kubokunun tarixində bir oyunda dörd qol vuran 47-ci futbolçu edib.
Futbolda “poker” kimi tanınan bu nailiyyət turnirin 1992-1993 mövsümündən UEFA Çempionlar Liqası adı ilə keçirilməyə başlanmasından bəri xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə, Avropanın ən yüksək səviyyəli klub turnirində 51 poker qeydə alınıb.
2000-ci ildən bəri Çempionlar Liqasında poker edən yeganə futbolçu isə Robert Levandovski idi və onun qollarından biri məhz “Real Madrid”in qapısına vurulmuşdu.
Mbappe bununla Lionel Messi, Kriştianu Ronaldu, Andrey Şevçenko, Zlatan İbrahimoviç, Harri Keyn, Rud van Nistelroy, Marko van Basten, Aysabio, Puşkaş və Di Stefano kimi bu turnirin tarixini dəyişən əfsanələrin sırasında yer aldı.

“Real Madrid” baxımından Mbappe klub tarixində bir oyunda poker edən dördüncü futbolçu oldu. Ondan əvvəl bu uğura Alfredo Di Stefano (1958-ci ildə “Sevilya”ya, 1959-cu ildə “Viner”ə qarşı), Ferents Puşkaş (1960-cı ildə finalda “Ayntraxt”a, 1965-ci ildə “Feyenoord”a qarşı) və Kriştianu Ronaldu (2015–2016 mövsümündə “Malmö”yə) çatmışdı.
Nüfuzlu turnirin bütün tarixi ərzində heç bir futbolçu üç və ya daha çox poker etməyib. Rekord iki pokerdir. Levandovski bu göstəriciyə çatan son futbolçu olub. Ondan əvvəl Alfredo Di Stefano, Ferents Puşkaş və Marko van Basten (“Milan”, 1988 və 1992) bunu bacarmışdı.
İndi Kilian Mbappenin ikinci pokerini etmək və bu rekord səviyyəyə yüksəlmək imkanı var.
Beş qol (repoker) vuranların siyahısı isə daha qısadır - Avropa Çempionlar Kubokunun tarixində cəmi 13 futbolçu buna nail olub. Çempionlar Liqası dövründə bu göstəriciyə Lionel Messi, Luis Adriano və Erling Haaland çatıb.
