Vaqif Sadıqov: “Neftçi”ni çempion edən mütəxəssis gedirsə, rəhbərlik xarici baş məşqçi istəyir”

Xəbərlər
27 Noyabr 2025 13:51
43
Vaqif Sadıqov: “Neftçi”ni çempion edən mütəxəssis gedirsə, rəhbərlik xarici baş məşqçi istəyir”

“Məşqçinin işinə görə qiymət verilməlidir. Ancaq heyif ki, nəticə önəmli rol oynayır”.

Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Məşqçilər Komitəsinin sədri “ağ-qaralar”ın baş məşqçi Samir Abasovu istefaya göndərməsinə münasibət bildirib.

“Nəticə baxımından “Neftçi” istədiyi yerdə olmadığına görə Samir Abasov göndərildi. Məşqçiyə müəyyən vaxt veriləndə istənilən nəticə əldə olunur. Nümunə kimi “Qarabağ”ı göstərmək olar. Hamı bir məqsəd üçün çalışır. Hansısa əcnəbi mütəxəssisi də yola salsaydılar, təzminat ödəniləcəkdi. Niyə bu yerli mütəxəssisə də şamil olunmasın? Qanuni ölkədə yaşayırıq. Qanunlar çox vacibdir. Futbolda da şəffaf iş görmək üçün müqaviləyə imza atılır və müqavilənin də şərtlərinə əməl etmək lazımdır. Vaxtilə “Neftçi”ni çempion edən mütəxəssis yola salırlarsa, demək ki, rəhbərliyin istəyi xarici baş məşqçi gətirməkdir. Ümid edək ki, rəhbərliyin qərarı “Neftçi” azarkeşlərini razı salacaq. Təki tezliklə komanda öz əzəmətini qaytarsın”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasının XII turunda evdə “İmişli”yə 2:3 hesabı ilə uduzub. Komanda hazırda çempionatda 15 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.Biz