“Qarabağ” akademiyasının koordinatoru: “Napoli” ilə matçda hakim penaltimizi vermədi”

Xəbərlər
26 Noyabr 2025 18:54
10
“Qarabağ” akademiyasının koordinatoru: “Napoli” ilə matçda hakim penaltimizi vermədi”

UEFA Gənclər Liqasında “Napoli”yə qarşı matçda hakim “Qarabağ”ın penaltisini qeydə almayıb.

Bunu Ağdam təmsilçisinin akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

Mütəxəssis U-19 komandasında inkişaf hiss olunduğunu söyləyib.

“Napoli”yə qarşı oyun yaxşı keçdi. Uşaqlarda inkişaf hiss olunur. Birinci oyunla indiki arasında xeyli fərq var. Oyun demək olar ki, bərabər səviyyədə keçdi. İlk hissədə erkən qol buraxdıq. Sonradan bir neçə qol imkanı yaratdıq. Bəzən rəqib qapıçı imkan vermədi, bəzən hakim bizə qarşı sərt qərarlar verdi. Hətta 100 faizlik penaltimizi qeydə almadı”, - deyə o, “Report”a açıqlamasında deyib.

O, hava şəritinin də komandaların oyununa maneə yaratdığını vurğulayıb:

“Bir qədər də hava şəraiti komandalara mane olurdu. İlk hissədə hesabda geriyə düşəndə həm də küləyə qarşı oynayırdıq. Hətta deyərdim ki, qasırğa idi, üstəlik, yağış yağırdı. “Napoli” də bizi təzyiq altında saxlayırdı. Ümid edirdik ki, ikinci hissədə rəqib komanda oxşar çətinliklərlə üzləşəcək. İkinci hissədə güclü küləyin əsməsi, matçda 40-45 dəqiqəyə yaxın fasilənin yaranması dinamikanı bir qədər də aşağı salmışdı. Yağış futbolçuların meydanda topla hərəkətinə imkan vermirdi. Qapılar qarşısında çox az qol vəziyyəti yarandı. Rəqib əlinə düşən imkandan yararlandı, biz isə bunu edə bilmədik. Ümumilikdə futbolçular yaxşı mübarizə apardılar, rəqibdən çəkinmədilər”.

A.Hacıyev rəqib komanda haqqında da danışıb:

“Napoli”nin U-19 komandası bildiyimiz italyan üslubunda çıxış edir. Mübarizələrdən həzz alırlar. Yaxşı futbolçular var. UEFA Gənclər Liqasında daha əvvəl “Sportinq” (Portuqaliya) və “Ayntraxt”la (Frankfurt, Almaniya) heç-heçə oynayıblar. Statistikaya baxsaq, həm az qol buraxırlar, həm də rəqib qapılarından az top keçirirlər. Bütün hallarda futbolçularımız belə bir komandaya qarşı çəkinmədən oynadılar”.

Qeyd edək ki, ötən gün baş tutan “Napoli” - “Qarabağ” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz