“Neftçi”də baş məşqçi postuna müvəqqəti olaraq Sənan Qurbanovun təyin edilməsi futbol ictimaiyyətində müxtəlif reaksiyalara səbəb olub.
Bu qərarın - hətta müvəqqəti olsa belə - nə dərəcədə doğru olması ilə bağlı İdman.Biz Azərbaycan Futbolu Veteranları İttifaqının (AFVİ) sədri Oqtay Abdullayevin fikirlərini öyrənib.
“Mən bu təyinatı dəstəkləyirəm və istəyərdim ki, bu, 1-2 oyunla məhdudlaşmasın, ən azı mövsümün sonuna qədər davam etsin. “Neftçi” rəhbərliyinin dərhal gənc yerli mütəxəssis tapması çox yaxşıdır. Ümid edirəm, bundan sonra legioner məşqçi axtarmayacaqlar. Çünki heç bir əcnəbi “Neftçi” ilə uğur əldə etməyib. Sənan isə artıq müstəqil işləməyə hazırdır. Sadəcə, ona güvənmək, vaxt vermək lazımdır” - deyə Oqtay Abdullayev vurğulayıb.
O, həmçinin Qurban Qurbanovun “Qarabağ”da ilk illərində rəhbərliyin etimadı ilə uğurlu yol cızdığını xatırladıb:
“Düşünürəm ki, Sənan da zamanla bu etimadı doğruldacaq”.
Vüqar Vüqarlı
