Azərbaycan millisinin sabiq baş məşqçisindən “Napoli”yə XƏBƏRDARLIQ

Xəbərlər
24 Noyabr 2025 16:04
43
Azərbaycan millisinin sabiq baş məşqçisindən “Napoli”yə XƏBƏRDARLIQ

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la keçiriləcək oyundan öncə “Napoli”yə xəbərdarlıq edib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Ağdam təmsilçisinin heyətində təhlükəli futbolçuların olduğunu söyləyib.

O, Azərbaycan çempionunun heyətindən beş futbolçunun adını çəkib: “Nəriman Axundzadə həm güclü fiziki hazırlığı, həm də dəqiq zərbələri sayəsində komandaya ciddi üstünlük qazandıra biləcək futbolçudur. Onunla milli komandada çalışmışam və potensialının yüksək olduğuna əminəm”.

İtaliyalı mütəxəssis bildirib ki, “Napoli” daha iki futbolçuya xüsusi diqqət yetirməlidir — müdafiəçi Elvin Cəfərquliyevə və yarımmüdafiəçi Toral Bayramova: “Toral Çempionlar Liqasında çox şans qazanmasa da, uzaq məsafədən vurduğu zərbələrlə daim təhlükə yaradır. Cəfərquliyev isə hücuma fəal qoşulan, rəqib müdafiəsini asanlıqla çətin vəziyyətə salan oyunçudur”.

De Byazi əcnəbi oyunçulardan isə Leandro Andrade ilə Marko Yankoviçi xüsusi vurğulayıb: “Komandanın əsas aparıcı fiquru Andrade sayılır. O, boş zonaları yaxşı görür və qapıya dəqiq zərbələr yönəltməkdə xüsusilə məharətlidir. Bununla yanaşı, “Napoli”nin Marko Yankoviçi də nəzərdən qaçırmaması vacibdir. Monteneqro millisinin üzvü olan yarımmüdafiəçi komandanın oyun quruluşunda əsas rolu oynayır, müdafiə önündə yerləşərək hücumları idarə edir və ritmi müəyyənləşdirir”.

Qeyd edək ki, noyabrın 25-də “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.

İdman.Biz