Canni De Byazi: “Qarabağ” bu mövsüm xüsusi olaraq Çempionlar Liqası üçün hazırlaşıb”

Xəbərlər
24 Noyabr 2025 17:10
36
Canni De Byazi: “Qarabağ” bu mövsüm xüsusi olaraq Çempionlar Liqası üçün hazırlaşıb”

“Qarabağ” bu mövsüm xüsusi olaraq Çempionlar Liqası üçün hazırlaşıb. Daxili çempionatda rəqibləri az olduğuna görə əsas gücü avrokuboklara yönəldib”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan millisinin italiyalı sabiq baş məşqçisi Canni De Byazi “Napoli”nin UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində “Qarabağ”la keçirəcəyi oyunla bağlı ölkəsinin mətbuatına müsahibəsində deyib.

Mütəxəssis Qurban Qurbanovun komandasının əvvəlki illərə nisbətən daha güclü olduğunu deyib: “Bu proses mənim üçün gözlənilməz deyil. Çünki bu mövsüm onların əsas məqsədi məhz Çempionlar Liqasıdır. Turnir həm nüfuz, həm maliyyə gəliri, həm də təcrübə baxımından xüsusi önəm daşıyır. “Qarabağ”ın büdcə üstünlüyü var və buna görə keyfiyyətli legionerləri heyətinə qatır. Bu futbolçular dünya səviyyəli olmasalar da, yüksək motivasiya ilə oynadıqları zaman rəqiblər üçün ciddi təhlükə yarada bilirlər”.

O, Ağdam təmsilçisini Azərbaycanın ən hegemon klubu adlandırıb: “Hətta demək olar ki, onların iki ayrı heyəti mövcuddur: biri ölkə çempionatında, digəri isə avrokubok matçlarında çıxış edir. Azərbaycan Premyer Liqasının tamaşaçı kütləsi kifayət qədər geniş olmadığı üçün klubların əsas gəlir mənbəyi də avrokuboklardakı oyunlardır”.

Qeyd edək ki, noyabrın 25-də “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.

İdman.Biz