“Bu mövsüm həm “Napoli”nin, həm də “Qarabağ”ın oyunlarını izləmişəm. Hər iki komanda yaxşı formadadır”.
Bu sözləri vaxtilə İtaliya A Seriyasında “Viçensa” və “Komo” kimi komandalarda çıxış etmiş xorvatiyalı veteran futbolçu Stepan Tomas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Napoli” və “Qarabağ” kollektivləri arasında keçiriləcək oyun barədə danışarkən deyib.
O, Azərbaycan çempionunun İtaliyada sürpriz edə biləcəyinə inandığını bildirib: “Qurban Qurbanov yaxşı komanda formalaşdırıb. Onlar böyük klublara qarşı layiqli mübarizə aparırlar. Hazırda “Turan Tovuz”a rəhbərlik edən keçmiş baş məşqçim Kurban Berdıyevin dəvətilə ötən mövsüm Bakıya gəlmişdim. Tovuz klubunun “Qarabağ”la matçını canlı izləmişdim. “Napoli”ni çox güclü və təcrübəli Antonio Konte çalışdırır. Kevin De Brüyne və Romelu Lukaku zədə səbəbindən bu görüşü buraxacaqlar. Bu da Azərbaycan təmsilçisi üçün müsbət məqamdır. Neapol klubu A Seriyasının son turunda “Atalanta” ilə qarşılaşmada böyük güc sərf etdi. Futbolçular müəyyən mənada yorğun ola bilərlər. “Qarabağ”ın səfərdə 1 xal qazanacağını düşünürəm”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Xorvatiya millisinin keçmiş üzvü Azərbaycan çempionunun heyətində bəyəndiyi futbolçuların adlarını da çəkib: “Kevin Medina və Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyevi çox bəyənirəm. “Qarabağ” komanda olaraq çox güclüdür. Bunu “Benfika” və “Çelsi” ilə matçlarda göstərib”.
Qeyd edək ki, noyabrın 25-də “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
