Vaqif Sadıqov: “Ümid edirik ki, “Neftçi” rəhbərliyi baş məşqçi məsələsində ən doğru addımı atacaq”

Xəbərlər
24 Noyabr 2025 16:40
43
Vaqif Sadıqov: “Ümid edirik ki, “Neftçi” rəhbərliyi baş məşqçi məsələsində ən doğru addımı atacaq”

“Hər birimiz “Neftçi” ilə böyümüşük və bu klubla nəfəs alırıq. Tezliklə əvvəlki əzəmətini yenidən qaytaracağı günləri səbirsizliklə gözləyirik”.

Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Neftçi”nin bu mövsümdəki çıxışı barədə danışarkən deyib.

“Ağ-qaralar”ın keçmiş futbolçusu və baş məşqçisi Bakı təmsilçisinin stabil oyun nümayiş etdirə bilmədiyini bildirib: “Bəzi matçlarda “Neftçi” yaxşı təsir bağışlayır, meydanda istəkli çıxış edir. Lakin bəzən də nələrsə alınmır, çatışmazlıqlar üzə çıxır. Buna baxmayaraq, ümidimizi itirmirik və inanırıq ki, əvvəlki güclü “Neftçi”ni yenidən görə biləcəyik. Bu komanda gələcəkdə yenə də ölkə çempionatında ən yüksək yerlər uğrunda mübarizə aparacaq”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

V.Sadıqov baş məşqçi Samir Abasovun istefaya göndərilməsi ilə bağlı yayılan xəbərlərə də toxunub: “Hazırda bu məsələ ilə bağlı rəsmi qərar olmadığından fikir bildirmək düzgün olmaz. Ümid edirik ki, klub rəhbərliyi ən doğru addımı atacaq. Əminəm ki, bu qərar həm komandanın inkişafı, həm də azarkeşlərin gözləntiləri baxımından müsbət nəticə verəcək”.

Mütəxəssisin sözlərinə görə, “Neftçi” yaxşı heyətə malik olmasına baxmayaraq, nəticə üçün bir qədər zaman lazımdır: “Bu mövsüm komandaya bir sıra keyfiyyətli legioner futbolçular cəlb edilib. Lakin oyunçuların bir-birinə tam uyğunlaşması üçün müəyyən vaxta ehtiyac var. Əsas məsələ fərdi deyil, komanda oyununu qurmaqdır. Bunun üçün isə səbir və zaman lazımdır”.

Qeyd edək ki, “Neftçi” 12 turdan sonra Misli Premyer Liqasının turnir cədvəlində 15 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.Biz