“Napoli” futbolçuları qələbəyə köklənir: Futbolçular müsbət enerjini “Qarabağ”la oyuna daşıyacaqlarını bildiriblər - İDMAN.BİZ-in TƏHLİLİ

Təhlil
24 Noyabr 2025 16:10
47
“Napoli” futbolçuları qələbəyə köklənir: Futbolçular müsbət enerjini “Qarabağ”la oyuna daşıyacaqlarını bildiriblər - İDMAN.BİZ-in TƏHLİLİ

“Napoli” futbolçuları İtaliya A Seriyasında “Atalanta”ya 3:1 hesabı ilə qalib gəldikdən sonra 25 noyabrda Neapolda, “Dieqo Armando Maradona” stadionunda keçiriləcək Ağdam “Qarabağ”ına qarşı Çempionlar Liqasının növbəti oyununa ciddi əhval-ruhiyyədə gəldiklərini bəyan etmiş oldular.

İdman.Biz-in məlumatına görə, “Atalanta” ilə görüşdə komandasının üçüncü qolunun müəllifi olan Noa Lanq “Radio CRC”yə açıqlamasında, Turin turunda ləğv olunan qolunun yaratdığı məyusluqdan sonra doğma meydançada fərqlənməyin onun üçün prinsipial əhəmiyyət daşıdığını deyib.

Niderlandlı futbolçunun sözlərinə görə, hazırda “Napoli” üçün əsas məsələ müsbət enerjini qorumaq və özünə inamı bərpa etməkdir.

“Vəzifəmiz bu enerjini çərşənbə axşamı Çempionlar Liqasının oyununa daşımaqdır. Daha yaxşı oynaya bilmək üçün kifayət qədər keyfiyyətimiz var, lakin “Napoli” “Qarabağ”la matçda uğursuz çıxış etsə, “Atalanta” üzərində qələbəni tez unudacaqlar. Buna görə də bütün fikirlərimiz artıq qarşıdakı Çempionlar Liqası oyununa yönəlib”, - Lanq bildirib.

Bu arada “Corriere del Mezzogiorno” nəşri qeyd edir ki, oxşar əhval-ruhiyyəni Davide Neres də nümayiş etdirir. Braziliyalı oyunçu bildirib ki, komanda bir nəticəyə köklənə bilməz, çünki futbolda hər şey çox tez dəyişir və növbəti oyunda uğursuzluq olacağı təqdirdə mənfi fikirlər yenidən gündəmə gələcək.

Futbolçuların sosial şəbəkə paylaşımları da ümumi ab-havanı əks etdirir. Müdafiəçi Sam Beyukema “Atalanta” üzərində qələbəni “fasilədən sonra düzgün enerji” adlandıraraq bildirib ki, komanda artıq çərşənbə axşamını düşünür.

Matteo Politano isə qeyd edib ki, elə bu cür nəticə “Napoli”nin vacib həftəyə hazırlaşması üçün lazım idi. O, mesajını ənənəvi “Forza Napoli” ifadəsi ilə tamamlayıb. Paskuale Mazzokki isə ayrıca olaraq “Dieqo Armando Maradona” stadionunda oynamağın verdiyi zövqü vurğulayıb və azarkeşlərə yaratdıqları atmosfer üçün təşəkkür edib. Həmin atmosfer komandanın qarşıdakı Çempionlar Liqası oyununda da köməyinə çatmalıdır.

İtaliya mətbuatı “Qarabağ”ı Çempionlar Liqasının builki mövsümünün ən gözlənilməz və xoşagəlməz rəqiblərindən biri kimi dəyərləndirir və Neapoldakı görüşü demək olar ki, qrupdan çıxış oyunu adlandırır.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin dörd turundan sonra aktivində yeddi xal toplayıb və turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Neapollular isə dörd xal toplayaraq 24-cü yeri tuturlar.

Teymur Tuşiyev

İdman.Biz

Məqalədə: