“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbol tarixində ümumi transfer xərclərini 2 milyard avrodan çox keçən ilk mütəxəssis oldu.
İdman.Biz-in Transfermarkt-a istinadən verdiyi məlumata görə, bu, cinah oyunçusu Antuan Semenyonun “Bornmut”dan “Mançester Siti”yə 72 milyon avroya transferindən sonra baş verib. İspan menecerin idarə etdiyi komandaların ümumi transfer xərcləri 2,58 milyard avroya çatıb.
54 yaşlı Qvardiola məşqçilik karyerası ərzində “Barselona”, “Bavariya” və “Mançester Siti”nin gənclər və böyüklər komandalarında çalışıb. O, 2016-cı ilin yayında İngiltərə klubunu idarə etməyə başlayıb, altı dəfə İngiltərə Premyer Liqasını qazanıb və komandanı Çempionlar Liqasında qələbəyə aparıb. Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
