İspaniyanın “Tenerife” klubunun baş məşqçisi Alvaro Servera komandasının futbolçusu Xesus de Migelin ölümünə səbəb olan epizoda görə “Andorra”nın qapıçısı Xesus Ovonoya verilən cəzanı şərh edib.
İdman.Biz "A Bola" nəşrinə istinadən xəbər verir ki, mütəxəssis qolkiperin 12 oyunluq diskvalifikasiyasının nisbətən yüngül göründüyünü bildirib.
Servera mövcud qaydaların daha sərt cəza tətbiq etməyə imkan vermədiyini düşündüyünü də sözlərinə əlavə edib:
“Düşünürəm ki, həyatın digər sahələrində olduğu kimi, burada da əməl edilməli qaydalar və normalar var. Mövcud reqlament belə halları birbaşa nəzərdə tutmadığından, hesab edirəm ki, sadəcə müəyyən edilmiş qaydalara riayət olunub və icazə verilən hədd çərçivəsində müəyyən sayda oyunluq diskvalifikasiya cəzası tətbiq edilib”.
Baş məşqçi qərarla bağlı şəxsi fikirlərini tam açıqlamaq istəməsə də, cəzanın ağırlığına münasibət bildirib:
“Bundan əlavə deyə biləcəklərim yalnız şəxsi fikirlərimdir və onları özümdə saxlamağa üstünlük verirəm. Ola bilsin, belə qərar bir qədər yüngül görünür. Amma düzünü desəm, qaydaların başqa cür hərəkət etməyə imkan verdiyini düşünmürəm”.
Xatırladaq ki, noyabrın 2-də İspaniya Sequndasının 12-ci turunda keçirilən “Tenerife” - “Andorra” matçında Ovono ilə toqquşan de Migel ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan 30 yaşlı hücumçunun həyatını xilas etmək mümkün olmayıb.
İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi hadisədən sonra Ovononu 12 oyunluq diskvalifikasiya edib.
