Futbolda Kürasao möcüzəsi: Dünya çempionatları tarixinin ən kiçik dövləti - VİDEO

Təhlil
19 Noyabr 2025 12:15
53
Futbolda Kürasao möcüzəsi: Dünya çempionatları tarixinin ən kiçik dövləti - VİDEO

Karib dənizində yerləşən kiçik ada dünya futbolu tarixinə öz adını yazdırıb.

İdman.Biz-in məlumatına görə, cəmi 156 min nəfərdən bir qədər artıq əhalisi olan ölkəni təmsil edən Kürasao millisi 2026-cı il dünya çempionatına birbaşa vəsiqə qazanaraq, 2018-ci ildəki dünya çempionatında iştirak etmiş İslandiyanın rekordunu yeniləyib və mundiala vəsiqə qazanan ən az əhalisi olan ölkə olub.

Həlledici nəticə KONKAKAF 2026 Dünya Çempionatının Seçmə Mərhələsinin son turunda Kinqstonda Yamaykaya qarşı keçirilən səfər oyununda qeydə alınıb. Meydan sahiblərini yalnız qələbə qane edirdi, Kürasaoya isə heç-heçə də bəs edirdi. “Independence Park” stadionunda gərgin keçən matç 0:0 hesabı ilə nəticələnib. Məhz bu nəticə Kürasaonun qrupda birinci yeri tutmasını və ÇM-2026-ya birbaşa vəsiqəni təmin etdi.

Situasiyaya xüsusi dramatizm qatan məqam isə ondan ibarət idi ki, komanda bu həlledici oyunu baş məşqçisiz keçirdi. 2024-cü ilin yanvarında Kürasao millisinin sükanı arxasına keçmiş təcrübəli niderlandlı mütəxəssis Dik Advokat ailə səbəblərinə görə matçda iştirak edə bilməyib.

Kürasaonun final mərhələsinə gedən yolu olduqca inamlı olub. Onların qrupunda Yamayka, Trinidad və Tobaqo, həmçinin Bermud adaları yer alırdı. Komanda mərhələni məğlubiyyətsiz başa vurdu: üç qələbə və üç heç-heçə, top fərqi +10 və yekunda 12 xal - Yamaykadan bir xal çox. Seriya səfərdə 0:0 hesablı heç-heçə ilə başlayıb, daha sonra Bermud adaları və Yamayka üzərində ev qələbələri gəlib. Oktyabr ayında Trinidad və Tobaqo ilə oyun 1:1 hesabı ilə nəticələnib, ən vacib an isə Bermud adaları üzərindəki 7:0 hesablı böyük qələbə olub. Məhz bu nəticələr sayəsində Kürasao son qarşılaşmada heç-heçə ilə də mundiala çıxış hüququ qazanmışdı.

Dik Advokatın fiquru isə bu hekayəyə əlavə miqyas qatır. O, 1990-cı illərdə artıq Niderland millisini 1994-cü il dünya çempionatına çıxarmış və komanda həmin mundialda 1/4 finala qədər irəliləmişdi.

Sonralar o, Cənubi Koreya millisini ÇM-2006-nın final mərhələsi ərəfəsində çalışdırmışdı: koreyalılar mundiala başqa məşqçinin rəhbərliyi altında vəsiqə qazanmışdı, lakin turnirdə məhz Advokatın rəhbərliyi ilə çıxış etmişdilər.

İndi isə Kürasao onun dünya çempionatına çıxartdığı ikinci milli komanda olur. Niderlandla mundiala yüksəlmək gözlənilən bir hadisə idisə, balaca ada dövlətinin möhtəşəm sıçrayışı cari seçmə mərhələsinin ən böyük hadisələrindən biri sayılır. Qeyd edək ki, proqnozlara görə, 78 yaşlı Advokat Dünya Çempionatı 2026-nın ən yaşlı baş məşqçisi olacaq.

Kürasao - Venesuela sahillərinin şimalında yerləşən kiçik Karib adasıdır və 2010-cu ildən bəri Niderland Krallığının tərkibində özünüidarəetmə hüququna malik ölkə statusunu daşıyır. Adanın əhalisi təxminən 156 min nəfərdir. Futbol burada uzun illərdir inkişaf edir, lakin milli komanda uzun müddət regionun daha böyük kollektivlərinin kölgəsində qalmışdı. Komandaya yeni nəfəs isə 2010-cu illərdə gəldi - federasiya Niderlandda yaşayan, amma kökləri bu adaya bağlı olan futbolçuları aktiv şəkildə yığmaya cəlb etməyə başladı. 2017-ci ildəki Karib Kubokunun qazanılması və ardıcıl KONKAKAF Qızıl Kuboku iştirakları bu prosesin simvolik dönüş nöqtəsi oldu.

Bu gün dünya çempionatına vəsiqə qazanmaq həmin yolun məntiqi davamıdır. Regionda “Mavi dalğa” adlandırılan komanda diasporla düzgün işə, müasir hazırlıq yanaşmasına və Avropanın elit yığmalarında çalışmış baş məşqçinin təcrübəsinə söykənir.

İndi isə əhalisi kiçik bir şəhər qədər olan ada, dünya futbolunun əsas səhnəsində öz komandası ilə ilk dəfə görüşməyə hazırlaşır. Rəqiblərin kim olmasından asılı olmayaraq, Kürasao artıq sübut edib: əgər məqsəd qoyulubsa və ona addım-addım irələnirsə, kiçik bir ölkə də dünyada ən güclülər arasında yer ala bilər.

@idman.biz Karib dənizində yerləşən kiçik ada dünya futbolu tarixinə öz adını yazdırıb #dunya #cempionat #futbol #idman #komanda ♬ original sound - Idman və Biz

Teymur Tuşiyev

İdman.Biz

Məqalədə: