“Həm komanda sayı artıb, həm də çempionatın səviyyəsi yüksəlib. Həmişə vurğulayırdıq ki, klublar tək Bakıda yox, regionlarda da olsun. İstəyimiz reallaşır. Turnir cədvəlində vəziyyət gözlənilən idi”.
Bu sözləri Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
O, Misli Premyer Liqasının birinci dövrəsini şərh edib:
“Ötən il iddialarını ortaya qoyan komandaların əksəriyyəti üst pillədə qərarlaşıblar. “Sumqayıt” kasad heyətlə mübarizəyə qoşula bilib. Bunu özləri dərk edir və qış fasiləsində heyəti gücləndirməyə çalışacaqlar. “Turan Tovuz” iddiasını keçən ildən ortaya qoyub. Bu il isə qarşılarına çempionluğu hədəf qoyublar. Bu siyahıya “İmişli”ni də əlavə etmək olar. Mövsümün əvvəlində heç kim onlara inanmırdı. Baxmayaraq ki, “İmişli” çoxdandır elitada çıxış etmirdi. İntizamlı, rəqibdən asılı olmayaraq, mübarizə aparmağı bacaran komanda yığılıb. İstəyərdik bu mübarizəyə tezliklə öz əzəmətini qaytaran “Neftçi” komandası da qoşulsun. İnanıram növbəti dövrələrdə bundan da artıq rəqabətli çempionatın şahidi olacağıq”, - deyə sport24.az-a açıqlamasında deyib.
Sadıqov legioner limitinin aradan götürülməsinin çempionata təsir göstərmədiyini də bildirib:
“Legioner limitinin mənfi mənada təsirini görmədik. Komandaların heyətlərində ən azı 3-4 yerli futbolçu görürük. Yerli futbolçuların əsas heyətdə yer almağı göstərir ki, onlar milli komandaya layiqdirlər. Mən limitlə bağlı qlobal dəyişiklik görmürəm. Hesab edirəm bu ilk addımdır. Get-gedə yerli və əcnəbi futbolçular başa düşəcək ki, əsas heyətdə yer almaq üçün güclü olmalısan”.
Qeyd edək ki, ilk dövrədə Sabah” - “Qarabağ” matçı təxirə salınıb.
