Sosial şəbəkə istifadəçiləri bir neçə gündür Pakistanın hazırda milli futbol çempionatı olmadan qaldığını müzakirə mövzusu ediblər.
İdman.Biz xəbər verir ki, təxminən 250 milyon əhalisi olan ölkədə futbol liqası 2019-cu ildən etibarən dayandırılıb.
Futbol çempionatının dayanmasının əsas səbəbləri kimi maliyyə çatışmazlığı, Pakistan Futbol Federasiyasındakı idarəetmə böhranı və FİFA tərəfindən tətbiq olunan sanksiyalar göstərilir.
Bundan sonra liqa bərpa edilməyib və Pakistan dünyada futbol çempionatı olmayan ən böyük ölkə statusunu alıb.
İronik olan bir məsələ isə dünyada istifadə olunan futbol toplarının təxminən 70%-nin məhz Pakistanın Sialkot şəhərində istehsal olunmasıdır.
Qeyd edək ki, Pakistanda daha çox kriket idman növü məşhurdur. 2024-cü ildən etibarən isə futbol klublarının yenidən professional modelə keçidi müzakirə olunur. Həmçinin fərdi investorların yeni klublar qurması təşviq edilir.
