Ceyhun Sultanov: “Məncə, bu oyun əvvəlkilərdən daha maraqlı olacaq”

Xəbərlər
4 Noyabr 2025 12:38
44
Ceyhun Sultanov: “Məncə, bu oyun əvvəlkilərdən daha maraqlı olacaq”

“Ölkədə olmadığım üçün “Neftçi”nin “Kəpəz”lə oyunu izləyə bilmədim. Amma nəticədən xəbərim var. Komanda ölkə kuboku da daxil olmaqla ardıcıl 3 oyundur qələbə qazanır. Bu isə artıq inkişafdan xəbər verir”.

Millinin sabiq futbolçusu Ceyhun Sultanov Misli Premyer Liqasının X turundan sonra 15 xalla 7-ci pillədə qərarlaşan paytaxt təmsilçisinin son oyunlarını şərh edib:

“Son turlarda oyun planında “Neftçi”də irəliləyiş hiss olunur. Komanda olaraq yavaş-yavaş oyunlarını tapırlar. İnanıram ki, mövsümün sonunda turnir cədvəlində istədikləri pillədə olacaqlar. Növbəti turda bizi Azərbaycan derbisi gözləyir. Durumundan asılı olmayaraq “Neftçi” “Qarabağ”la oyuna xüsusi köklənir, meydana ancaq qələbə üçün çıxır. Yəqin ki, bu dəfə də istisna olmayacaq. Ümid edirəm derbidə hər iki komandanın ifasında yaxşı oyuna şahidlik edəcəyik. Məncə, bu oyun əvvəlkilərdən daha maraqlı olacaq”, - deyə sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, Misli Premyer Liqasının X turunda “Neftçi” “Kəpəz”ə 5:1 hesabı ilə qalib gəlib.

İdman.Biz