“Zirə” ilə matçda komanda yaxşı təsir bağışladı”.
“Karvan-Yevlax”ın kapitanı Elvin Yunuszadə Misli Premyer Liqasının 10-cu turunda komandasının 2:3 hesablı məğlubiyyətini şərh edib:
“Zirə” ilə matçda komanda yaxşı təsir bağışladı. Düzdür, qarşımızdakı komanda da liqanın ən yaxşılarından biri idi. Son matçlarda bir az asan qollar buraxırıq, şansımız da gətirmir. Amma əsas odur fikirləşirik ki, bu cür davam etsək, daha yaxşı nəticələr əldə edə bilərik. Oyun baxımından təbii ki. “Turan Tovuz”la da yaxşı oynadıq, “Zirə” ilə də. Çalışırıq ki, komandanı ən yaxşı pillələrə qaldıraq. Yeni komandayıq, çatışmazlıqlar çoxdur. Biz də əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq”, - deyə sportal.az-a açıqlamasında deyib.
Yunuszadə, növbəti turda “Araz-Naxçıvan”la görüşdən gözləntilərini bölüşüb: “Qarşıdakı turda “Araz-Naxçıvan”la qarşılaşacağıq.Onlar Avropa kuboklarında oynamış komandadır. Ən çətin oyunlarımızdan biri gözləyir. Əlbəttə ki, əlimizi-qolumuzu yanımıza salmaq fikrimiz yoxdur. Oyuna inamlı gedəcəyik. Hazırlaşacağıq. Oyunda da xal və ya xallar qazanmağa çalışacağıq”.
