Patrik Andrade: "Qarabağ" Azərbaycanı xoşbəxt edəcək - MÜSAHİBƏ

Müsahibə
26 Oktyabr 2025 22:11
31
Patrik Andrade: "Qarabağ" Azərbaycanı xoşbəxt edəcək - MÜSAHİBƏ

"Motivasiya baxımından yaxşı hazırlaşmışdıq və oyunda da bunu qoruyub saxlaya bildik".

Bunu "Araz-Naxçıvan"ın futbolçusu Patrik Andrade "Sabah" komandası ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Həmin müsahibəni təqdim edirik:

– Oyun haqqında fikirləriniz necədir?

– Biz oyundan əvvəl bilirdik ki, çətin olacaq. Hesabda iki dəfə geri düşsək də, geridönüş edə bildik. Ağır qarşılaşmadan 1 xalla ayrılmağı bacardıq. Çox xoşbəxtik.

- Uzatma dəqiqələrində gələn qolla məğlubiyyətdən yaxa qurtardınız. İkinci dəfə hesabda geri düşdükdən sonra yenə bərabərlik qolunu vuracağınıza ümidləriniz var idi?

- Motivasiya baxımından yaxşı hazırlaşmışdıq və oyunda da bunu qoruyub saxlaya bildik. Son dəqiqədə də qol vuraraq, heç-heçəni təmin edə bildik.

– Qol vurmaqda problem yaşamırsınız, amma sadə qollar buraxırsınız. Problem nədədir?

– Razıyam. Sadə qollar buraxsaq da, bunların üzərində çox işləyirik. Düşünürəm ki, səhvlərimizi analiz edib düzəltməliyik. Nə səhv etdiyimizi diqqətlə izləyəcəyik və bunun üzərində işləyəcəyik.

– Oyunu evdə keçirməli idiniz, amma səfərdə oynadınız. Fərq hiss olundumu?

– Xeyr, heç bir fərq hiss olunmadı. Evdəki kimi oynadıq, bu barədə şikayətimiz yoxdur.

– Hakimliklə bağlı nə deyə bilərsiniz?

– Bu mövzu barədə danışmağı uyğun hesab etmirəm.

– Növbəti oyun “Sumqayıt”la olacaq. Bu qarşılaşma haqqında nə düşünürsünüz?

– Qarşımızda bir həftə vaxt var. Bizim üçün fərq etmir, hər oyuna eyni ciddiyyətlə hazırlaşırıq.

– “Sabah” turnir cədvəlində ən yaxın rəqiblərinizdən biridir. Bu xalin gələcəkdə nə qədər vacib olacağını düşünürsünüz?

– Biz addım-addım irəliləyirik, uzağa baxmırıq. Əsas olan hər oyunda yaxşı çıxış edib mübarizəni davam etdirməkdir.

– Keçmiş komandanız “Qarabağ”ın Çempionlar Liqasındakı oyunları barədə nə düşünürsünüz?

– Bəli, onları izləyirəm, çox yaxşı formadadırlar və sabiq komandama uğurlar arzulayıram. Ümid edirəm ki, belə davamiyyətlə Azərbaycanı xoşbəxt edərlər.

İdman.Biz