“Kəpəz”də müəmmalı ROTASİYA - Vidadi Rzayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

Xəbərlər
20 Oktyabr 2025 17:36
92
“Kəpəz”də müəmmalı ROTASİYA - Vidadi Rzayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan Premyer Liqasının autsayderi “Kəpəz” son turda “Şamaxı” üzərində inamlı - 4:1 hesablı qələbə qazansa da, hələ də turnir cədvəlinin son pilləsində – 12-ci yerdə qərarlaşıb. Komandada baş verənlər yerli futbol ictimaiyyəti, xüsusilə də gəncəlilər arasında ciddi narahatlıq doğurub.

İdman.Biz məsələ ilə bağlı Gəncə futbolunun tanınmış nümayəndələrindən biri, keçmiş futbolçu Vidadi Rzayevin fikirlərini öyrənib.

“Doğrusu, komandada nə baş verdiyini bilmək istərdim. Azər Bağırov “Kəpəz”in baş məşqçisi təyin olunanda onu dəstəkləyənlərdən biri mən idim. Hətta veteranlarla komanda arasında keçirilən görüşdə də bu fikrimi açıq şəkildə bildirmişdim. İstəyirdim ki, o, işinə davam etsin. Amma görünür, rəhbərliklə aralarında nəsə alınmadı və o, getdi.

Sonra onun yerinə Adil Şükürov gəldi, amma cəmi beş turdan sonra o da vəzifəsindən azad edildi. İndi isə yenidən Azər qayıdır! Üstəlik, eyni rəhbərliyin altında! Niyə? Nə dəyişib? Rəhbərlik axı əvvəlki kimidir...

Ola bilərmi ki, ona maaş artırıblar? İnana bilmirəm! Ona görə də bu məsələni hələ də anlaya bilmirəm. Tək mən yox, Gəncə futbolunun heç bir veteranı bunu anlamır! Axı bu şahmat deyil - futboldur! Niyə gedib, sonra eyni komandanın başına yenidən qayıdır? Üstəlik, həmin komandada artıq başqa məşqçinin qurduğu sistem var”, - deyə veteran futbolçu narazılığını ifadə edib.

Vüqar Vüqarlı

İdman.Biz