Türkiyənin “Serik Belediyespor” klubu baş məşqçi Sergey Yuranla yollarını ayıra bilər.
İdman.Biz “Sport Baza”ya istinadla xəbər verir ki, rusiyalı mütəxəssis I Liqa təmsilçisində vəziyyətini yaxşılaşdıra bilməsə, istefaya göndərilə bilər.
Yuran iyulun əvvəlində “Serik Belediyespor”un “sükanı arxası”na keçib. Komanda doqquz turdan sonra 10-cu yerdədir.
Yurana altı həftə ərzində ilk yeddiliyə daxil olmaq tapşırılıb.
Mənbənin məlumatına görə, “Serik Belediyespor”un futbolçuları maaş borclarından şikayətlənir. Bundan başqa, türk və rus oyunçular arasında münaqişələr var.
Qeyd edək ki, “Serik Belediyespor”un sahibi azərbaycan əsilli rusiyalı iş adamı Tufan Sadıqovdur. O, daha əvvəl Rusiyanın “Ximki” klubuna da sahiblik edib. Lakin Premyer Liqa təmsilçisi maliyyə böhranına fəaliyyətini dayandırıb.