Belçika millisinin sabiq kapitanı Eden Azar yenidən “Çelsi”nin heyətində meydana çıxacaq. “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi olan London klubu sabiq ulduzunun iştirakı ilə xeyriyyə oyununa hazırlaşır.
İdman.biz xəbər verir ki, “The Mirror” nəşrinin məlumatına görə, 34 yaşlı keçmiş yarımmüdafiəçi futbol karyerasını 2023-cü ilin oktyabrında başa vurmasına baxmayaraq, bu gün “Stemford Bric”də keçiriləcək “Çelsi əfsanələri” ilə “Liverpul əfsanələri” arasında xeyriyyə matçında meydana çıxacaq.
Azarla yanaşı, onun sabiq komanda yoldaşları - Con Terri, Petr Çex, Dieqo Kosta, Ramires və Con Obi Mikel də oyunda iştirak edəcək.
Qarşılaşmadan toplanacaq bütün vəsait “Çelsi” klubunun və futbolçuların xeyriyyə fondlarına yönəldiləcək.
E.Azar “Çelsi”ni 2019-cu ilin yayında tərk etmişdi. O, həmin mövsüm Avropa Liqasının finalında “Arsenal”a qarşı 4:1 hesablı qələbədə dubl etmiş və komandasına titulu qazandırmışdı. Qeyd edək ki, həmin final qarşılaşması Bakının Olimpiya Stadionunda keçirilmişdi.
Daha sonra belçikalı futbolçu 100 milyon funt qarşılığında “Real Madrid”ə transfer olunsa da, İspaniyada uğurlu çıxış edə bilmədi. Daimi zədələr və formadan düşməsi səbəbindən Azar “Real”da cəmi 76 oyunda meydana çıxaraq yeddi qol vurdu.
“Çelsi”də keçirdiyi yeddi il ərzində Azar 352 oyunda 110 qol vurub, 92 məhsuldar ötürmə edib. O, klub tarixinin ən uğurlu və sevilən futbolçularından biri hesab olunur.
Qeyd edək ki, Eden Azar Belçika millisinin heyətində Azərbaycan yığmasına qarşı da oynamışdı. Bu qarşılaşmalar Avro-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutmuşdu. 2011-ci il martın 29-da Brüsseldə keçirilən görüşdə millimiz 1:4 hesabı ilə uduzmuş, sentyabrın 2-də Bakıda oynanılan cavab matçı isə 1:1 hesablı bərabərliklə yekunlaşmışdı.
Azar həmin oyunlarda fərqlənməsə də, Bakıda keçirilən qarşılaşmada onun qarşı kobudluğa görə penalti təyin edilmiş, Timi Simons isə həmin zərbəni dəqiq yerinə yetirmişdi. Azərbaycan millisinin yeganə qolunu isə Rauf Əliyev vurmuşdu.