Emiliano Martines dünya çempionatındakı məğlubiyyətin səbəbini açıqladı

30 Oktyabr 2026 21:39
86
Emiliano Martines dünya çempionatındakı məğlubiyyətin səbəbini açıqladı

Argentina millisinin və “Çelsi”nin qapıçısı Emiliano Martines 2026-cı il dünya çempionatının finalında İspaniyaya 0:1 hesablı məğlubiyyətin səbəblərindən danışıb. O, turnir zamanı əlindəki zədə ilə mübarizə apardığını da açıqlayıb.

İdman.Biz xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı qapıçı final qarşılaşması öncəsi komandanın kifayət qədər istirahət edə bilmədiyini bildirib.

“Mən bunun mənim günüm olacağına inanırdım. Bilirsiniz, topun qapıya getmədiyi hiss olur? Düşünürəm ki, rəqib də bunu yaşadı. Onların qapıçılarından biri mənə dedi ki, yaxşı ki, penaltilər seriyası olmadan qalib gəldik. Komanda yoldaşlarımın taqətdən düşmüş vəziyyətdə qaçdıqlarını görürdüm. Onda düşündüm ki, artıq hərəkətə keçmək vaxtımdır.

İspaniyalı futbolçuların öz aralarında belə dediklərini eşidirdim: “Penaltilər seriyasına qədər qalib gəlməliyik, oyunu ora çatdırmaq olmaz”. Onlar ikinci əlavə hissənin lap əvvəlində qol vurdular.

Qətərdə keçirilən dünya çempionatı ilə müqayisədə bu turnirdə xoşuma gəlməyən məqam məhz bu idi. O vaxt Xorvatiya və Fransa ilə oyunlar arasında altı günümüz var idi. İndi isə uçuş və qısa məşq də daxil olmaqla cəmi üç günümüz qalmışdı.

Uşaqlarla mate içir, zarafat edirdik ki, oyun saat 20:00-da başlasaydı, daha yaxşı çıxış edərdik. Əlavə beş saat yatmaq imkanımız olardı! Biz tamamilə yorulmuşduq”, - deyə Martines bildirib.

Qapıçı səhhəti ilə bağlı başqa bir açıqlamasında sağ əlinin barmaqlarını artıq tam yumruq şəklində sıxa bilmədiyini də nümayiş etdirib. Onun sözlərinə görə, bu zədənin nəticəsi ömürlük qalacaq.

Martines hələ “Aston Villa”da çıxış edərkən, mayın 20-də “Frayburq”la keçirilən Avropa Liqasının finalından (3:0) əvvəl isinmə zamanı sağ əlinin adsız barmağını sındırmışdı. Buna baxmayaraq, o, matçı sona qədər keçirərək iki qurtarış etmişdi.

Argentinalı qapıçı 2026-cı il dünya çempionatını buraxmamaq üçün əməliyyatdan imtina edərək konservativ müalicəni seçmişdi. Nəticədə turnir boyunca ağrılarla çıxış etmişdi.

Xatırladaq ki, Argentina dünya çempionatının finalında İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzub. Qarşılaşmanın yeganə qolunu Ferran Torres 106-cı dəqiqədə vurub.

İdman.Biz