“Məncə, Qurban müəllim hücumda Durana şans verəcək. Çünki “Benfika” ilə səfər görüşündə fərqlənmişdi”.
Bunu “Qarabağ”ın sabiq hücumçusu Rauf Əliyev futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
– “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində bu gün Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək. Matdan hansı nəticəni gözləyirsiniz? Sizcə, Azərbaycan çempionu Liqa mərhələsindəki uğurlu startın ardını gətirə biləcək?
– “Qarabağ”dan bu gün uğurlu nəticə gözləyirəm. Çünki “Benfika” üzərindəki qələbəni və doğma meydança amilini nəzərə alanda, adam təmsilçimizdən ancaq qalibiyyət gözləyir. Məncə, “Qarabağ” uğurlu startın ardını gətirəcək.
– “Kopenhagen”in baş məşqçisi və futbolçusu oyunöncəsi mətbuat konfransında meydançanın durumundan şikayətlənib. Bu məqam “Qarabağ”ın da çıxışına təsir edə bilərmi?
– Əlbəttə, daha ideal meydançada daha sürətli futbol izləmək olur. Meydançanın ideal vəziyyətdə olmaması hər iki komandanın çıxışına təsir edə bilər. Əslində, meydanın belə olması normaldır. Azərbaycanda havalar çox isti keçirdi, yay fəslindən yeni çıxmışıq. Yay aylarının stadionların ot örtüyünə təsiri olur. Ümid edirəm ki, qazonun vəziyyəti komandamızın oyununa o qədər də təsir etməz.
– “Qarabağ” 8 il öncə də “Kopenhagen”lə qarşılaşıb. Həmin rəqib daha güclü idi, yoxsa indiki “Kopenhagen”?
– Düzünü desəm, hazırkı “Kopenhagen” haqda o qədər də məlumatım yoxdur. Amma ətrafımdakılardan eşitdiyimə görə, 8 il əvvəlki “Kopenhagen” daha güclü idi. Sualınızın cavabına bu gün baş tutacaq oyundan sonra aydınlıq gələcək.
– Baş məşqçi Qurban Qurbanovun bu gün mərkəz hücumçusu mövqeyində kimə şans verəcəyini düşünürsünüz? Sizcə, “Benfika”ya qol vuran Kamilo Duran start “11-lik”də yer alacaq, yoxsa həmin mövqedə ilk dəqiqələrdən Nəriman Axundzadə və ya Musa Qurbanlını görə bilərik?
– Məncə, Qurban müəllim hücumda Durana şans verəcək. Çünki “Benfika” ilə səfər görüşündə fərqlənmişdi. Bunu nəzərə alaraq, start “11-lik”də Duranı gözləyirəm.
– Keçmiş hücumçu kimi fikriniz maraqlıdır. Kamilo Duranı bir forvard kimi bəyənirsiniz?
– Hələ ki, onu meydanda az görmüşük. Amma hücumçu keyfiyyətləri hiss olunur. “Benfika” ilə qarşılaşmada həm qol vurdu, həm də digər təhlükəli epizodlar yaratmağı bacardı. “Qarabağ”ın istədiyi, oyununa uyğun gələn forvarddır. Meydanda olduğu müddətdə özünü göstərə bilib.
– “Qarabağ”ın Liqa mərhələsində neçə xal toplayacağını proqnozlaşdırırsınız?
– Proqnoz verə bilmərəm. Amma nə qədər çox qələbə qazansalar, xal toplasalar, bir o qədər yaxşıdır. “Qarabağ”a həm bugünkü, həm də növbəti matçlarda uğurlar arzulayıram.
– Sizcə, “Liverpul”, “Çelsi” və “Napoli” kimi adlı-sanlı rəqiblərdən də xal almaq mümkün olarmı?
– Real danışsaq, bu, çətin görünür. “Liverpul”, “Çelsi” və “Napoli”nin hazırda hansı gücdə olduqlarını nəzərə alsaq, bu, asan iş deyil. Düzdür, son matçda “Liverpul” “Qalatasaray”a uduzdu. Ancaq bu, real vəziyyəti dəyişmir.