“Turnirin səviyyəsi çox yüksək idi. Yarışa dünya və Avropa birinciliyinin mükafatçıları da qatılmışdı”.
Bunu İdman.biz-ə Türkiyənin Konya şəhərində gənclər arasında açıq turnirdə qızıl medal qazanan Azərbaycan şpaqaçısı Xədicə Həsənli deyib.
O, yarışdakı qələbəsini dəyərləndirib. Qılıncoynadanın sözlərinə görə, son 2 qarşılaşması çox çətin keçib: “Turnirdən öncə ayağımdan zədə almışdım. Bu səbəbdən yaxşı nəticəyə ümid etmirdim. Amma Vətənə medalsız da qayıtmaq istəmirdim. Qrup mərhələsindəki döyüşlərimdə problem yaşamadım. Amma 15-dən çox görüş keçirdim. Bunlardan ən çətinləri yarımfinal və finala təsadüf etdi. Hər ikisi eyni klubdan olan rəqiblərimlə birgə hazırlıq da keçmişdik. Artıq məni tanıyırdılar. Amma güclü olan qalib gəldi”.
17 yaşlı idmançı hədəflərinin böyük olduğunu da bildirib: “Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək istəyirəm. Bu, başlanğıcdır. Olimpiya çempionu kimi okeanın o tayında himnimizi səsləndirmək, bayraqımızı qaldırmaq arzusundayam. Onun üçün dünya, Avropa çempionatlarının medallarını qazanmaq lazımdır. İnanıram ki, bunu bacaracağam”.
Qeyd edək ki, beynəlxalq turnirdə Xədicə Həsənli ilə bərabər, Mirxətai Məmmədov da medal qazanıb. O, yarışı bürünc mükafatla yekunlaşdırıb.
Emin Ağa
İdman.biz