Avqustun 14-15-də keçirilən şose velosipedi üzrə Ölkə Kuboku yarışına yekun vurulub.
İdman.Biz xəbər verir ki, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının 2026-cı il üçün təsdiq etdiyi idman təqvim planına əsasən təşkil olunub.
İlk yarış günündə iştirakçılar Pirallahı rayonunda fərdi ötüşmədə mübarizə aparıblar. 15 yaşadək oğlanlar arasında 10 km məsafədə İsmayıl Xankişiyev, 17 yaşadək oğlanların 20 km-lik yarışında Raul Mahmudov, yeniyetmə qızlar arasında 10 km məsafədə isə Məryəm Hüseynova qalib gəlib.
İkinci yarış günündə Qobustan rayonunda qrup ötüşmələri keçirilib. İsmayıl Xankişiyev 15 yaşadək oğlanlar arasında 60 km, Raul Mahmudov 17 yaşadək oğlanlar arasında 80 km məsafədə birinci yeri tutub. Yeniyetmə qızların 20 km-lik yarışında isə Məryəm Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, İsmayıl Xankişiyev, Raul Mahmudov və Məryəm Hüseynova Ölkə Kubokunu hərəyə iki qələbə ilə başa vuraraq həm fərdi, həm də qrup ötüşməsində ən yaxşı nəticəni göstəriblər.
