“Hər şey yaxşı keçdi. Bizim bir neçə şahmatçılarımıza ümidimiz var idi ki, qələbə qazanacaqlar. Demək olar ki, həmin idmançılar da gözləntilərimizi doğrultdu”.
Bunu İdman.biz saytına yeniyetmə və gənclərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Fərid Abbasov deyib.
Mütəxəssis İtaliyanın Montesilvano şəhərində başa çatan qız və oğlanlar arasında keçirilən dünya çempionatını dəyərləndirib. O, Ayan Allahverdiyeva və mükafatçılar sırasına düşməsə də, Avropa çempionu olan Rüstəm Rüstəmlidən həmişə yüksək nəticə gözlədiyini vurğulayıb: “Ayana hər zaman inanmışıq. O, parlayan ulduzdur. İdmançımız dəfələrlə Avropa çempionu olub. Onun bir çox böyük nailiyyətləri var. Yeniyetmələrin 18 yaşadək kateqoriyasında Ayan Allahverdiyevanın son ili idi. O, bu il Avropa çempionatında da ikinci olub. Ayanı qısa zamanda yığma komandamızda görürəm”.
Yarışın təşkilatçılıq baxımından yüksək şəkildə aparıldığını bildirən Abbasov mundialda 90 ölkədən 700-dən çox idmançının mübarizə apardığını qeyd edib: “Müxtəlif kateqoriyalar üzrə 19 medal uğrunda mübarizə aparılırdı. Bizim üçün çox vacib bir yarış idi”.
Qeyd edək ki, 18 yaşlı qızlar arasında mübarizə aparan Ayan Allahverdiyeva 11 turda 9,5 xal toplamaqla dünya çempionu olub.
Banuçiçək Hüseynli
İdman.biz