Azərbaycanın kişi və qadın yığmaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında liderlərini mübarizəyə qoşur.
İdman.Biz xəbər verir ki, milli komandalar Olimpiadanın ikinci turu üçün heyətlərini açıqlayıblar. Kişilərdən ibarət Azərbaycan yığması bu turda Filippin, qadınlardan ibarət komandamız isə Danimarka ilə qarşılaşacaq.
Kişi yığmasının heyətində ilk turda istirahət edən Şəhriyar Məmmədyarov bu dəfə lövhə arxasına keçəcək. Rauf Məmmədov isə ikinci turda ehtiyatda qalacaq.
Qadınlardan ibarət komandada da ilk turda istirahət edən Ülviyyə Fətəliyeva ikinci turda mübarizəyə başlayacaq. Bu dəfə Qövhər Bəydullayevaya istirahət veriləcək.
Azərbaycan – Filippin
Kişi komandalarının görüşündə lövhələr üzrə cütlüklər belə olacaq:
Şəhriyar Məmmədyarov (2720) – Maykl Konçio (2405)
Aydın Süleymanlı (2664) – Paulo Bersamina (2398)
Məhəmməd Muradlı (2653) – Daniel Kizon (2414)
Eltac Səfərli (2616) – Yan Emmanuel Qarsiya (2444)
Danimarka – Azərbaycan
Qadın komandalarının qarşılaşmasında isə aşağıdakı şahmatçılar mübarizə aparacaqlar:
Sara Sima Derliç (2107) – Ülviyyə Fətəliyeva (2402)
Ellen Kakoulidis (2088) – Günay Məmmədzadə (2351)
Esmat Syuzanna Gindi (2041) – Xanım Balacayeva (2356)
Sofi Beç Dürffeld (2007) – Gülnar Məmmədova (2311)
Xatırladaq ki, ilk turda Azərbaycanın kişi və qadın yığmaları müvafiq olaraq Mərakeş və Qvatemala üzərində eyni – 4:0 hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, Şahmat Olimpiadasının ilk turunda əsas gözlənilməz nəticələr kişilər arasında qeydə alınıb. Ən böyük sürprizlərdən biri Braziliya və Botsvana yığmalarının qarşılaşmasında yaşanıb. Reytinq baxımından rəqibindən xeyli üstün olan Braziliya komandası qələbə qazana bilməyib və görüş 2:2 hesabı ilə başa çatıb.
Fərdi partiyalarda da bir sıra favorit şahmatçılar gözlənilməz nəticələrlə üzləşiblər. Hindistanlı Arcun Eriqaisi (2759) Tayland təmsilçisi Prin Laohavirapapa (2363) qarşısında gözlənilmədən məğlub olub. Buna baxmayaraq, Hindistan yığması görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.
Ermənistan əsilli ABŞ şahmatçısı Levon Aronyan (2725) isə İraq təmsilçisi Əli Ehsan Aryan (2163) ilə heç-heçə edib. ABŞ yığması buna baxmayaraq 3,5:0,5 hesabı ilə qalib gəlib. Qeyd edək ki, iraqlı şahmatçı reytinq baxımından Aronyandan 500-dən çox xal geri qalırdı.
Macarıstan yığması da Malta üzərində çətin qələbə qazanıb – 2,5:1,5. Belə ki, Bencamin Qledura (2620) Metyu Portelliyə (2187) uduzub, Tamaş Banus (2587) isə Attila Robert Novak (2144) ilə heç-heçə edib.
Niderland da Honq Konq üzərində 3:1 hesablı qələbə qazanaraq ayrı-ayrı lövhələrdə xal itirib. Ümumilikdə isə favoritlərin əksəriyyəti ilk turda qələbə qazanıb. Bununla belə, bir sıra yüksək reytinqli şahmatçıların artıq ilk turda gözlənilməz xal itirməsi diqqət çəkib.
