Azərbaycan əsilli şahmatçı ölkəmizin rəqibi İngiltərənin heyətindədir - İDMAN.BİZ-İN İCMALI

19 Sentyabr 2026 13:46
140
Azərbaycan əsilli şahmatçı ölkəmizin rəqibi İngiltərənin heyətindədir - İDMAN.BİZ-İN İCMALI

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi bu gün Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasının dördüncü turunda İngiltərə yığması ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, bu qarşılaşmaya xüsusi maraq qatan məqamlardan biri İngiltərə millisinin heyətində Azərbaycan əsilli şahmatçı Elmira Mirzəyevanın yer almasıdır.

44 yaşlı şahmatçı Olimpiadada İngiltərə yığmasının heyətində beşinci nömrə ilə yer alır. Lakin Azərbaycanla qarşılaşmada o, ehtiyatda qalıb. Görüşdə İngiltərəni Bodhana Sivanandan, Lan Yao, Yovanka Hauska və Harriyet Hant təmsil edir.

Mirzəyeva Moskvada doğulub, lakin Azərbaycan köklərini heç vaxt gizlətməyib. O, müsahibələrinin birində atası Nazim Mirzəyevin Gəncədən, anasının isə Şəmkir rayonunun kiçik kəndlərindən birindən olduğunu deyib. Şahmatçının sözlərinə görə, ailədə evdə Azərbaycan dilində danışılıb, Novruz bayramı qeyd olunub. O, uşaqlıq illərində mütəmadi olaraq Azərbaycana - qohumlarının yanına gəlib.

Elmira Mirzəyeva təkcə şahmatçı kimi deyil, idman jurnalisti kimi də tanınır. O, uzun illər Rusiya televiziyasında, o cümlədən “Sport”, “Rossiya-2” və “Matç TV” telekanallarında çalışıb və ən böyük şahmat yarışlarını işıqlandırıb.

Mirzəyeva peşə fəaliyyəti ilə bağlı dəfələrlə Azərbaycana da səfər edib. O, Bakıda və Şəmkirdə keçirilən böyük şahmat turnirlərini, o cümlədən Vüqar Həşimov Memorialını işıqlandırıb. 2018-ci ildə Şəmkirdə “Matç TV”nin çəkiliş qrupunun tərkibində çalışıb.

2024-cü ildən etibarən Mirzəyeva beynəlxalq yarışlarda İngiltərəni təmsil edir. Həmin il İngiltərə çempionu olan şahmatçı bundan sonra da bu ölkənin yığmasının heyətində çıxışını davam etdirib. 2026-cı il Şahmat Olimpiadasında o, İngiltərə qadın millisinin heyətinə beşinci nömrə ilə daxil edilib.

Maraqlıdır ki, İngiltərə millisinin hazırkı heyətinin demək olar ki, bütün üzvlərinin xarici kökləri var. Bodhana Sivanandan Londonda doğulub və böyüsə də, valideynləri Hindistanın Tamilnad ştatındandır. Lan Yao Çində doğulub və 2021-ci ilədək Çin Şahmat Federasiyasını təmsil edib. Yovanka Hauska Londonda dünyaya gəlib, lakin valideynləri Argentinadandır. Onun ulu babası isə çexiyalıdır.

Harriyet Hant Oksfordda doğulub və yeniyetmə yaşlarından İngiltərəni təmsil edir. Açıq bioqrafik mənbələrdə onun xarici mənşəyi ilə bağlı məlumat yoxdur.

Qadınlardan ibarət İngiltərə və Azərbaycan yığmalarının qarşılaşmasında şahmatçıların cütləri belədir:

Bodhana Sivanandan (2354) – Ülviyyə Fətəliyeva (2402)
Lan Yao (2270) – Gövhər Beydullayeva (2392)
Yovanka Hauska (2297) – Xanım Balacayeva (2356)
Harriyet Hant (2284) – Gülnar Məmmədova (2311)

Kişilərdən ibarət Azərbaycan millisi isə Şahmat Olimpiadasının IV turunda Çexiya yığması ilə qarşılaşacaq.

Cütlüklər belədir:

Şəhriyar Məmmədyarov (2720) – Nquyen Tay Day Van (2633)
Aydın Süleymanlı (2664) – David Navara (2606)
Məhəmməd Muradlı (2653) – Vatslav Finek (2578)
Eltac Səfərli (2616) – Yan Vykouk (2524).

İdman.Biz