Azərbaycanlı şahmatçı, beynəlxalq qrossmeyster Teymur Rəcəbov Facebook sosial şəbəkəsində paylaşım edib:
“Şahmat – strategiya və intellektual dünyasıdır, hər gediş dərin düşüncə və təhlil tələb edir. Bu oyunda yalana və manipulyasiya yer yoxdur. O, bizə ədaləti və düzgünlüyü aşılayır. Yüksək titullu şahmatçılar ədaləti yalnız lövhədə deyil, verdikəri açıqlamalarda da dəstəkləməlidirlər. Təəssüf ki, erməni şahmatçı, üçqat Olimpiya çempionu Levon Aronyan haqqında bu sözləri demək olmur.
44 günlük İkinci Qarabağ Müharibəsini xatırlasaq, Aronyan “əlinə silah alıb, döyüşə getməyə hazır olduğu” açıqlamasını vermişdi. Əlbəttə, Azərbaycana qarşı döyüşmək.
Həmin anda Aronyan öz açıqlamaları ilə Ermənistanın Azərbaycana ərazi iddialarını və Xankədindəki erməni separatçılarını dəstək verdiyini, regionda vəziyyətin daha da qarışmasına “xidmət etdiyini” düşünürdümü?
Şahmat planetin bütün nöqtələrində insanları dinindən, mədəniyyətindən, siyasi baxışlarından asılı olmayaraq, öz ətrafında birləşdirir. Bu oyun sülh və diplomatiyanın simvolu olub, “soyuq müharibə” zamanı şahmatçılar dünyada sülhün bərqərar olmasında vasitəçilik ediblər.
Azərbaycanlılar və ermənilər əsirlərboyu qonşuluq şəraitində yaşayıb, birlikdə sevinib, birlikdə üzülüblər. Amma 90-cı illərdə yeni milli ideyaları ortaya atan erməni şovinizmi və separatizmi bədnam qonşularımızı, həmçinin Azərbaycanın erməni vətəndaşlarını - Qarabağ əhalisini sonu görünməyən yola sürükləyib.
44 günlük İkinci Qarabağ Müharibəsindən Azərbaycan Silahlı Qüvvələri ermənilərin zəbt etdiyi 7 rayonu azad edərək, Ermənistanı kapitulyasiyaya məcbur qoyanda Levon Aronyan susurdu.
Azərbaycan əsgərləri dağılmış şəhər və kəndləri, məhv edilmiş tarixi əraziləri nümayiş etdirən zaman Aronyan susmağa üstünlük verdi. Aronyan Qafqazın Xirosiması - Ağdamın yer üzündən silinməsinə səssiz qaldı.
Və birdən o danışdı.
Aronyan Facebook sosial şəbəkəsində Azərbaycana qarşı erməni propaqandaçıların fikirlərini əks etdirən ittihamlar irəli sürüb. Onun fikrincə, güya Qarabağ erməniləri blokadada, ərzaq və tibbi çatışmazlıq şəraitində yaşayır.
Ağdam-Xankəndi yolunun fəaliyyət göstərdiyi bir məqamda hansı blokadadan söhbət gedə bilər? Azərbaycan tərəfinin səyləri nəticəsində Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları yüklərin iki tərəfli daşınmasına üçün açıqdır. Qarabağ beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi kimi tanınıb və dünya ictimaiyyəti ilə yanaşı Ermənistan tərəfindən də təsdiqlənib. Həmin ərazidə yaşayan ermənilər Azərbaycan inteqrasiya etməlidirlər. Onlar Azərbaycan qanunlarına riayət etməlidirlər, Ağdam-Xankəndi yolunu bağlamamalıdırlar.
Levon Aronyan deyir: “Gəlin, ayılaq. Biz öz səssizliyimiz ilə əsrlər boyu insanların utanmasına rəvac veririk. Biz gələcək nəsillər qarşısında baş verənlərə görə borcluyuq və biabırçı situasiyanı dəyişməyə çalışmalıyıq”.
Aronyanla tam razıyam, gəlin susmayaq, Ermənistanın Xocalıda həyata keçirdiyi genosid barəsində danışaq. Günahsız, əliyalın insanların öldürülməsi, körpə uşaqların və qocaların güllələnməsi, hamilə qadınları zorakılığa məruz qalması, şəhər və kəndlərin məhvi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq bizim ən ümdə məsələmizdir. Ermənilər tərəfindən minalanmış ərazilərin təmizləməsi üçün illər tələb olunur.
Gəlin, ədalətli olaq. Qrossmeysterin ədaləti sadəcə etik standartlar deyil, şahmat ictimaiyyəti, eləcə də bütün dünya ictimaiyyətinə hörmət əlamətidir. Şahmatçının yalan açıqlamaları şahmat dünyasının etibarını zədələyir.
Unutmayaq, qrossmeyster öz açıqlamarı ilə böyük məsuliyyət daşıyır.
Teymur Rəcəbov
Azərbaycan yığmasının üzvü
Beynəlxalq qrossmeyster
18 sentyabr. Bakı"
İdman.biz