12 yaşlı argentinalı qrossmeyster Faustino Oro Səmərqənddə keçirilən Dünya Şahmat Olimpiadasında diqqətçəkən nəticə göstərib.
İdman.Biz xəbər verir ki, olimpiadanın altıncı turunda 12 yaş 11 aylıq Oro qara fiqurlarla Azərbaycan millisinin liderlərindən biri Şəhriyar Məmmədyarova qarşı oynayıb və partiyanı heç-heçə ilə başa vurub.
Argentinalı vunderkindin reytinqi 2537 xaldır. Məmmədyarovun reytinqi isə 2720-dir və o, dünya reytinqində 22-ci pillədə qərarlaşıb. Azərbaycanlı qrossmeyster vaxtilə dünya reytinqində ikinci yerə də yüksəlib.
Beləliklə, Məmmədyarovla qarşılaşma Oro üçün klassik şahmatda reytinqi 2700-dən yüksək olan rəqibə qarşı karyerasının ən yaxşı nəticəsi olub.
Məmmədyarovun xal itirməsinə baxmayaraq, Azərbaycan millisi matçda Argentinaya 2,5:1,5 hesabı ilə qalib gəlib. Məhəmməd Muradlı və Rauf Məmmədov partiyalarını heç-heçə başa vurub. Yığmanın heyətində yeganə qələbəni isə Aydın Süleymanlı qazanıb.
Altı turdan sonra Azərbaycan 10 xalla 12-ci pillədə qərarlaşıb. 4-cü yerdən 14-cü pilləyədək bir neçə komandanın da 10 xalı var. Özbəkistan 12 xalla liderdir. Çin və Ermənistan isə 11 xala malikdir.
