Federasiya prezidenti: “Onun uğurları təsadüfi deyil”

Xəbərlər
19 Fevral 2024 16:10
173
Federasiya prezidenti: “Onun uğurları təsadüfi deyil”

“Azərbaycanda şahmata böyük dövlət dəstəyi var”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkə çempionatının qaliblərinin mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qadın şahmatçıların ibarət milli komandalar Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır: “Hazırlıq məqsədi ilə bu yaxınlarda Gürcüstan yığması ilə yoldaşlıq görüşü keçirəcəyik. Bu görüş rəsmi şahmat reytinqləri ilə hesablanacaq. Əsas hədəfimiz bütün güclü şahmatçıların Azərbaycan çempionatında iştirak etməsidir. Biz buna mütləq nail olacağıq. Bunun üçün də xüsusi proqram və təqvim hazırlanacaq”.

Azərbaycan çempionatının gərgin keçdiyini vurğulayan qurum rəhbəri iştirakçıların sayının son dəqiqədə məlum olduğunu deyib: “Ayan Allahverdiyeva da yarışa son dəqiqədə qatılmaq qərarına gəlib. Onun qalib olması bizi sevindirir. Hiss olunur ki, Ayanın indiki uğurları təsadüfi deyil. Onun böyük uğurları gələcəkdə olacaq. Ayanın yaxın zamanlarda bizim Olimpiya komandamıza iştirak edəcəyini görürük. Federasiya olaraq milli çempionatlara üstünlük veririk”.

Nicat Abbasovun İddiaçılar turniri ilə hazırlığına toxunan Məmmədovun sözlərinə görə, onun dünyaca məşhur şahmat məşqçiləri ilə birlikdə Bakıda toplanış-məşqində olduğunu deyib: “Onun komandasında kimlərin olduğunu açıqlaya bilmirik. Böyük miqyasda hazırlıq davam edir. Federasiya və dövlət tərəfindən Nicata bütün dəstək göstərilir. Azərbaycan şahmatının bütün dünyada lider olması Nicat Abbasovun İddiaçılar arasında keçirilən turnirdə iştirak etməsi bunu bir daha sübut edir. Bu, ilin turniri hesab olunur”.

Banuçiçək Hüseynli
İdman.biz