Azərbaycan Şahmat Olimpiadasında ilk onluğa qayıtdı - İDMAN.BİZ SƏMƏRQƏNDDƏN

26 Sentyabr 2026 21:44
86
Azərbaycan Şahmat Olimpiadasında ilk onluğa qayıtdı - İDMAN.BİZ SƏMƏRQƏNDDƏN

Kişilərdən ibarət Azərbaycan şahmat millisi Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında son tur öncəsi ilk onluğa qayıdıb.

İdman.Biz xəbər verir ki, yığmamız 10-cu turda Bolqarıstanı 2,5:1,5 hesabı ilə məğlub etdikdən sonra 6-13-cü yerləri bölüşür. Əlavə göstəricilərə əsasən, Azərbaycan yeddinci pillədə qərarlaşıb.

Turnir cədvəlinə 18 xalla Özbəkistan başçılıq edir. Hindistan 17 xalla ikinci, Almaniya, Ukrayna və Macarıstan isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerlərdədir.

10-cu turun digər əsas görüşlərində Özbəkistan Ermənistanı 3,5:0,5 hesabı ilə məğlub edib. Hindistan isə Özbəkistanın ikinci komandasına eyni hesabla qalib gəlib. Ukrayna Çini 3:1, Almaniya isə Fransanı 3:1 hesabı ilə məğlub edib.

11-ci turda Azərbaycan millisi 15 xalla 13-cü pillədə olan Serbiya ilə qarşılaşacaq.

Turun digər əsas görüşlərində Özbəkistan – Ukrayna, Hindistan – Macarıstan, Niderland – Almaniya və ABŞ – Türkiyə matçları keçiriləcək. Azərbaycan millisi yalnız müəyyən nəticələrin baş verməsi halında bürünc medal qazana bilər.

Qadınlardan ibarət Azərbaycan millisi isə 10-cu turda Sloveniyaya 0,5:3,5 hesabı ilə uduzaraq 13 xalla 14-cü yerdən 23-cü pilləyə geriləyib. Yığmamız son turda İranla üz-üzə gələcək.

Qadınların yarışında 18 xalla Çin liderdir. Qazaxıstan 17 xalla ikinci, Hindistan, Polşa və Vyetnam isə 16 xalla müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tuturlar.

İdman.Biz