Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti müəyyənləşib.
İdman.Biz xəbər verir ki, sentyabrın 26-da Səmərqənddə keçirilən FIDE Baş Assambleyasında Qazaxıstan Şahmat Federasiyasının prezidenti Timur Turlov təşkilatın yeni rəhbəri seçilib.
38 yaşlı iş adamı ikinci turda 196 mümkün səsdən 110-nu toplayaraq dünya şahmatının əsas təşkilatına rəhbərlik etmək hüququ qazanıb.
Turlov seçkilərə beşqat dünya çempionu Vişvanatan Anand ilə vahid namizəd siyahısında qatılıb. Turlov prezident, Anand isə prezident müavini vəzifəsinə namizəd olub. Timur Turlov həmçinin Qazaxıstan Şahmat Federasiyasının rəhbəri və "Freedom Holding Corp"un qurucusudur.
Onların rəqibləri iki digər tandem - Vadim Rozenşteyn və Qordon Tanq, həmçinin Yan Henrik Büttner və Malkolm Peyn olub.
Qələbə ikinci turda gəldi
Seçki iki tur davam edib. İlk turla bağlı yayılan operativ nəticələrə əsasən, Turlov 96, Rozenşteyn 76, Büttner isə 20 səs toplayıb. Heç bir namizəd tələb olunan səs çoxluğunu əldə etmədiyindən ən az səs toplayan Büttner mübarizəni dayandırıb.
İkinci turda Turlov və Rozenşteyn üz-üzə qalıblar.
Yekunda Turlov 196 mümkün səsdən 110-nu əldə edərək FIDE prezidenti seçilib.
FIDE-də prezident seçkilərində üzv milli federasiyaların hərəsinin bir səsi var və səsvermə gizli keçirilir. Bu səbəbdən ayrı-ayrı ölkələrin hansı namizədə səs verdiyi barədə rəsmi məlumat yoxdur.
Turlov FIDE-də nəyi dəyişmək istəyir?
Yeni prezidentin seçki proqramında əsas istiqamətlərdən biri FIDE-nin rəqəmsallaşdırılmasıdır. O, müasir rəqəmsal platformanın yaradılması, süni intellekt və yeni texnologiyalardan istifadə, onlayn şahmatın inkişafı və anti-çitinq sistemlərinin təkmilləşdirilməsini prioritetlər sırasında göstərib.
Turlov həmçinin kiçik milli federasiyalara maliyyə dəstəyinin artırılması, şahmatın məktəblərdə daha geniş yayılması, marketinq və kommunikasiyanın gücləndirilməsi və FIDE-nin maliyyə imkanlarının genişləndirilməsini təklif edib.
Onun hədəflərindən biri şahmatın Olimpiya hərəkatındakı mövqeyini gücləndirməkdir.
Turlov seçkidən sonra FIDE-ni daha rəqəmsal, peşəkar və müasir təşkilata çevirmək, federasiyanın nüfuzunu və təsir imkanlarını artırmaq istədiyini bildirib.
Timur Turlov kimdir?
Dünya şahmatının yeni rəhbərinin bioqrafiyası peşəkar şahmatçıdan daha çox maliyyə və texnologiya sahibkarının hekayəsidir.
Timur Ruslanoviç Turlov 13 noyabr 1987-ci ildə Moskvada anadan olub. Hazırda onun 38 yaşı var.
Maliyyə bazarlarına marağı çox erkən yaranıb. Turlov cəmi 16 yaşında olarkən World Capital Investments şirkətində treyder kimi çalışmağa başlayıb.
Daha sonra "Uniastrum Bank"ın broker bölməsində işləyib və ABŞ fond birjalarına çıxış üçün infrastrukturun yaradılmasında iştirak edib.
2008-ci ildə, 21 yaşında olarkən öz biznesini qurub. Onun yaratdığı Freedom Finance şirkətinin əsas ideyası müştərilərə ABŞ fond bazarlarına çıxış imkanı yaratmaq idi.
Şirkət 2012-ci ildə Qazaxıstan bazarına daxil olub.
21 yaşında başlayan biznes NASDAQ-a qədər yüksəldi
Turlovun biznesində ən mühüm mərhələlərdən biri 2019-cu ildə baş verib. Müxtəlif aktivlər Freedom Holding Corp. ətrafında birləşdirilib və şirkətin səhmləri ABŞ-ın NASDAQ birjasında FRHC tikeri altında ticarətə çıxarılıb.
Sonrakı illərdə Freedom sırf broker şirkəti olmaqdan çıxaraq böyük maliyyə və texnologiya ekosisteminə çevrilib.
Qrupa bank, broker, sığorta, ödəniş, telekommunikasiya və digər rəqəmsal xidmətlər daxildir. Freedom Holding Corp. ABŞ, Avropa və Mərkəzi Asiya da daxil olmaqla müxtəlif bazarlarda fəaliyyət göstərir.
ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) 2026-cı ilin sentyabrında təqdim edilən sənədə əsasən, Turlov Freedom Holding Corp.-un 41,405 milyon səhminə sahib olub. Bu, şirkətin səhmlərinin 64,91 faizinə bərabərdir.
Beləliklə, FIDE-nin yeni prezidenti eyni zamanda NASDAQ-da listinqdə olan beynəlxalq şirkətin əsas səhmdarı və baş icraçı direktorudur.
Milyarderlər siyahısında
Turlov uzun müddətdir "Forbes"in dünya milyarderləri siyahısında yer alır.
"Forbes Kazakhstan"ın 2026-cı ilin məlumatında onun sərvəti 5,8 milyard dollar qiymətləndirilmiş və Turlov qlobal milyarderlər siyahısında 605-ci yerdə göstərilmişdi.
Onun sərvətinin əsas hissəsi Freedom Holding Corp.-dakı payının dəyəri ilə bağlıdır.
Turlov biznesini yalnız maliyyə sektoru ilə məhdudlaşdırmayıb. Onun maraq dairəsinə telekommunikasiya, elektron ticarət, səyahət xidmətləri, media, təhsil və digər sahələr də daxildir.
Rusiya vətəndaşlığından Qazaxıstan vətəndaşlığına
Turlovun bioqrafiyasının diqqətçəkən məqamlarından biri vətəndaşlığının dəyişməsidir.
O, 9 iyun 2022-ci ildə Qazaxıstan vətəndaşlığı alıb. ABŞ SEC-ə təqdim olunan rəsmi sənədlərə əsasən, Qazaxıstan qanunvericiliyinin tələbinə uyğun olaraq Rusiya, həmçinin Sent-Kits və Nevis vətəndaşlığından imtina edib.
Turlov uzun illərdir Qazaxıstanda yaşayır və biznesinin əsas mərkəzlərindən biri də məhz bu ölkədir.
Şahmata biznesdən gəldi
Turlov peşəkar şahmatçı olmayıb. Lakin son illərdə şahmatın inkişafına böyük həcmdə vəsait yatıran şəxslərdən birinə çevrilib.
2023-cü ildə Qazaxıstan Şahmat Federasiyasının prezidenti seçilib.
Onun rəhbərliyi dövründə ölkədə məktəb şahmatı proqramlarının genişləndirilməsi, uşaq və yeniyetmələr arasında şahmatın inkişafı, beynəlxalq turnirlərin keçirilməsi və yüksək səviyyəli şahmatçıların dəstəklənməsi istiqamətində layihələr həyata keçirilib.
Turlov 2025-ci ildən Beynəlxalq Məktəb Şahmat Federasiyasına da rəhbərlik edib.
FIDE-nin təqdim etdiyi məlumatlara görə, Qazaxıstanda "Chess in Education" proqramı 1500-dən çox məktəbi və təxminən 60 min şagirdi əhatə edib.
Futbola da yad deyil
Maraqlıdır ki, Turlovun idmandakı fəaliyyəti yalnız şahmatla məhdudlaşmır.
O, Qazaxıstan Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
Turlov həmçinin Qazaxıstanda gənc futbolçuların inkişafına yönəlmiş QJ League-in yaradıcılarından və layihənin Himayəçilər Şurasının sədridir.
Beləliklə, yeni FIDE prezidentinin idman idarəçiliyi təcrübəsi şahmatla yanaşı futbola da uzanır.
Anand niyə onun komandasına qoşuldu?
Turlovun seçki kampaniyasındakı ən böyük siyasi-idman üstünlüklərindən biri Vişvanatan Anandın onun komandasında yer alması olub.
Beşqat dünya çempionu seçkilərdən əvvəl qərarını izah edərkən Turlovun beynəlxalq biznes qurmaq təcrübəsini, texnologiyalara diqqətini və rəqəmsallaşma planlarını xüsusi qeyd etmişdi.
Anand son dörd ildə FIDE rəhbərliyində çalışıb və Turlovun komandasında prezident müavini kimi fəaliyyətini davam etdirəcək.
Rusiya məsələsində mövqeyi
Seçki kampaniyasında ən həssas məsələlərdən biri Rusiya şahmatının statusu olub.
Turlov "Reuters"ə müsahibəsində FIDE-nin İdman Arbitraj Məhkəməsinin (CAS) qərarlarına əməl etməli olduğunu bildirib. Onun fikrincə, bu qərarların nəzərə alınmaması FIDE-nin Olimpiya hərəkatındakı mövqeyinə zərər vura bilər.
Eyni zamanda Turlov gələcəkdə Rusiya şahmatının beynəlxalq arenaya tam şəkildə qayıda bilməsi üçün müvafiq şərtlərin yerinə yetirilməsinə ümid etdiyini söyləyib.
Ukrayna ilə bağlı təklif
Turlov seçki kampaniyasının son günlərində Ukrayna şahmatının FIDE rəhbərliyində daha güclü təmsil olunmasını da təklif edib.
O, Ukraynanı dünyanın böyük şahmat ölkələrindən biri adlandırıb və yeni rəhbərlikdə bu ölkənin səsinin eşidilməsinin vacibliyini bildirib.
Bununla belə, Turlovun özü və Freedom Holding Corp. 2022-ci ildən Ukraynanın sanksiyaları altındadır. O, bu məsələ ilə bağlı ittiham və siyasi interpretasiyalardan daha çox fəaliyyətinin və proqramının qiymətləndirilməli olduğunu bildirib.
Maraqlar toqquşması məsələsi də əvvəlcədən nəzərə alınıb
Turlovun böyük biznesə sahib olması və Freedom-un şahmat layihələrini maliyyələşdirməsi onun FIDE prezidenti kimi potensial maraqlar toqquşması məsələsini də gündəmə gətirib.
FIDE-nin seçki materiallarında bu məsələ ayrıca göstərilib. Freedom ilə mümkün sponsorluq müqavilələri FIDE-nin İdarə Heyəti və ya Şurası tərəfindən nəzərdən keçirilərkən Turlovun səsvermədə iştirak etməməsi nəzərdə tutulur.
Eyni prinsip Qazaxıstan Şahmat Federasiyasının beynəlxalq yarışlara ev sahibliyi üçün təqdim etdiyi ərizələrə də şamil olunacaq.
Dünya şahmatında yeni dövr
Beləliklə, FIDE-yə bu dəfə keçmiş dünya çempionu və ya uzun illər şahmat bürokratiyasında çalışmış funksioner deyil, 38 yaşlı milyarder, texnologiya və maliyyə sahibkarı rəhbərlik edəcək.
Turlovun qarşıdakı dörd ildə əsas vədləri FIDE-nin rəqəmsallaşdırılması, maliyyə imkanlarının artırılması, milli federasiyalara daha böyük dəstək, məktəb şahmatının genişləndirilməsi və təşkilatın Olimpiya hərəkatındakı mövqeyinin gücləndirilməsidir.
İndi əsas sual onun biznesdə tətbiq etdiyi sürətli inkişaf və rəqəmsallaşma modelini dünya şahmatının idarəçiliyinə nə dərəcədə keçirə biləcəyi olacaq.
13:56
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezident seçkilərinin ikinci turunda Timur Turlov qalib gəlib.
İdman.Biz xəbər verir ki, Qazaxıstan Şahmat Federasiyasının prezidenti və “Azadlıq Holdinq” şirkətinin təsisçisi Turlov Özbəkistanın Səmərqənd şəhərində keçirilən Baş Assambleyada tələb olunan səs çoxluğunu toplayıb.
İlk turda səslərin 50 faizini qazanan Turlov qalib olmaq üçün tələb olunan 50 faizdən bir səs çoxunu əldə edə bilmədiyindən seçki ikinci tura keçirilib. O, 196 səsdən 110 səs toplamaqla qalib olub.
Qeyd edək ki, seçkilərdə Yan Henrik Büttner və Vədim Rozenşteyn də iştirak ediblər.
12:21
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezident seçkilərində ilk turdan sonra qalib müəyyənləşməyib.
İdman.Biz xəbər verir ki, prezident seçkilərinin ikinci turuna Qazaxıstan Şahmat Federasiyasının prezidenti, sahibkar Timur Turlov və almaniyalı sahibkar Vadim Rozenşteyn vəsiqə qazanıblar.
İlk turda Timur Turlov səslərin 50 faizini toplayıb. Lakin qalib elan olunmaq üçün namizədin verilmiş səslərin 50 faizindən bir səs çoxunu qazanması tələb olunur.
Bu səbəbdən FİDE prezidentinin seçilməsi ikinci tura qalıb. Qaydalara əsasən, ilk turda tələb olunan səs çoxluğunu əldə edən namizəd olmadıqda, ən çox səs toplayan iki namizəd ikinci turda mübarizə aparır.
Qeyd edək ki, FİDE-nin yeni seçiləcək prezidenti Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasının onuncu turunda ilk gedişi edəcək.
09:11
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezident seçkiləri ilə əlaqədar Baş Assambleyanın Özbəkistanın Səmərqənd şəhərində keçirilən iclası davam edir.
Tədbir çərçivəsində Özbəkistanın baş naziri, Özbəkistan Şahmat Federasiyasının sədri Abdulla Aripov da çıxış edib.
O, ölkə prezidenti Şavkat Mirziyoyev adından tədbir iştirakçılarına salamlarını çatdırıb və Səmərqənddə belə mötəbər şahmat tədbirinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
FİDE-nin müvəqqəti prezidenti, beşqat dünya çempionu Vişvanatan Anand da tədbirdə çıxış edib. Hindistanlı qrossmeyster 2026-cı ilin iyulundan FİDE-yə müvəqqəti prezident kimi rəhbərlik edir.
FİDE prezident seçkiləri beynəlxalq şahmat ictimaiyyəti üçün mühüm hadisə hesab olunur. Seçkilərin nəticələri təşkilatın qarşıdakı dörd il ərzində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. FİDE-nin rəsmi məlumatına görə, seçkilərdə təşkilatın növbəti rəhbərliyi müəyyənləşdiriləcək.
Baş Assambleya çərçivəsində FİDE-nin fəaliyyəti, şahmatın inkişafı və təşkilatın gələcək prioritetləri ilə bağlı məsələlər müzakirə olunur. Prezident seçkilərinin nəticələrinin sentyabrın 26-da müəyyənləşdirilməsi nəzərdə tutulur.
08:41
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezident seçkiləri ilə əlaqədar Baş Assambleyası Özbəkistanın Səmərqənd şəhərində keçirilir.
İdman.Biz xəbər verir ki, sentyabrın 26-27-də keçirilən tədbir şəhərdə yerləşən “İpək Yolu Sərgi Mərkəzi”ndə təşkil olunub. Assambleyada dünyanın müxtəlif ölkələrindən şahmat federasiyalarının nümayəndələri iştirak edirlər.

FIDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov da Baş Assambleyada iştirak edir. O, seçki prosesi çərçivəsində keçirilən tədbirlərdə və müzakirələrdə iştirak edir.
FIDE prezident seçkiləri beynəlxalq şahmat ictimaiyyəti üçün mühüm hadisə hesab olunur. Seçkilərin nəticələri təşkilatın qarşıdakı illərdə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Baş Assambleya çərçivəsində FIDE-nin fəaliyyəti, şahmatın inkişafı və təşkilatın gələcək prioritetləri ilə bağlı məsələlər müzakirə olunur. Prezident seçkilərinin nəticələrinin sentyabrın 27-də açıqlanması gözlənilir.
Araz Xəlilli
