Mahir Məmmədov: “FIDE-də bu qədər gərgin seçki xatırlamıram” – İDMAN.BİZ SƏMƏRQƏNDDƏN - EKSKLÜZİV - VİDEO

26 Sentyabr 2026 16:26
90
Mahir Məmmədov: “FIDE-də bu qədər gərgin seçki xatırlamıram” – İDMAN.BİZ SƏMƏRQƏNDDƏN - EKSKLÜZİV - VİDEO

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti vəzifəsinə keçirilən seçkilər gərgin mübarizə şəraitində keçib, lakin sonda Timur Turlovun komandası həlledici qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, bunu Səmərqənddə müxbirimizə eksklüziv müsahibəsində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov deyib.

Azərbaycan Şahmat Federasiyasının rəhbəri Səmərqənddə keçirilən FIDE prezidenti seçkiləri barədə ətraflı danışıb.

"Bu, FIDE-də iştirak etdiyim üçüncü seçkidir, amma yaddaşımda bu qədər gərgin və mürəkkəb seçki olmayıb. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə rəqiblər tərəfindən şübhəli texnologiyalardan istifadə olunurdu və müvafiq şərait yaradılırdı. Şahmat tarixində belə seçki hələ olmayıb.

Buna baxmayaraq, birinci turda komandamızın lideri Timur Turlova cəmi bir səs çatmadı. İkinci turda isə inamlı qələbə qazandıq. Mübarizə sonadək çox ciddi davam etdi.

İkinci turdakı rəqiblərimiz barədə də danışmaq istərdim. Onların dürüstlüyü və peşəkarlığı ilə bağlı məndə şübhələr var. Onlardan fərqli olaraq, Yan Büttnerin rəhbərlik etdiyi digər komanda həqiqətən peşəkarlıq nümayiş etdirdi. Xüsusilə də onlar açıq şəkildə bəyan etdilər ki, ikinci turda səslərini bizə verəcəklər", – deyə Məmmədov bildirib.

Milli federasiyanın rəhbəri Turlovun komandası tərəfindən görülən işlərdən də danışıb.

"Biz də öz tərəfimizdən çox yaxşı iş apardıq. Xüsusilə Afrika və Cənubi Amerikada ciddi çalışdıq. Asiyada isə bizim üçün daha çətin oldu. Orada vəziyyət bizim üçün daha mürəkkəb idi və səslər uğrunda mübarizə çox gərgin gedirdi. Buna baxmayaraq, sonda lazım olan nəticəni əldə edib qələbə qazana bildik", – Mahir Məmmədov vurğulayıb.

O, həmçinin Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadın yığmalarının çıxışını dəyərləndirib.

"Əlbəttə, Şahmat Olimpiadasında əsas məsələ şahmatdır. Təəssüf ki, son turlarda həm kişi, həm də qadın millimiz bizi sevindirə bilmədi. Baxmayaraq ki, qadın komandamız IX turda Çexiyanı 4:0 hesabı ilə məğlub etdi. Turnirin başa çatmasına iki tur qalıb və açığı, medal şanslarımız minimaldır. İndi əsas məsələ Olimpiadanı yaxşı başa vurmaq, heç olmasa ilk beşliyə düşməkdir", – Məmmədov qeyd edib.

Mahir Məmmədov Azərbaycan şahmatçılarının Olimpiadadakı son uğursuzluqlarının səbəblərinə də toxunub.

"Şahmat Olimpiadası uzunmüddətli turnirdir. Hansısa məqamları nəzərə ala bilmədik və mən bilirəm ki, konkret olaraq harada və nədə çatışmazlığımız oldu. Amma bu, artıq komandanın daxili məsələsidir. Əlbəttə, turnir başa çatdıqdan sonra hər şey təhlil olunacaq", – deyə Məmmədov bildirib.

Xatırladaq ki, bu gün keçirilən seçkidə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti müəyyənləşib. Timur Turlov təşkilatın yeni rəhbəri seçilib.

İdman.Biz