Azərbaycanın kişilərdən ibarət şahmat millisi Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında beşinci yeri tutub.
İdman.Biz xəbər verir ki, son turda Azərbaycan qrossmeysterləri Serbiya komandasını 2,5:1,5 hesabı ilə məğlub ediblər. Milli komandanın heyətində yeganə qələbəni Məhəmməd Muradlı qazanıb. Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı və Eltac Səfərli isə partiyalarını heç-heçə başa vurublar.
Beləliklə, Azərbaycanın kişi millisi 17 xal toplayaraq 4-7-ci yerləri bölüşüb, əlavə göstəricilərə əsasən isə beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, kişi komandası Ümumdünya Şahmat Olimpiadasında ikinci dəfə ilk beşliyi tamamlayıb. Azərbaycan şahmatçıları ilk dəfə belə nəticəyə 2014-cü ildə Tromsödə keçirilən Olimpiadada nail olublar.
Özbəkistan şahmatçıları ikinci dəfə Olimpiya çempionu olublar. Onlar ilk dəfə bu nəticəni 2022-ci ildə əldə ediblər. Hindistan komandası gümüş, Almaniya isə bürünc medal qazanıb.
Azərbaycanın qadın millisi isə ehtimala görə 14-cü yeri tutub (qadınların yarışında partiyalar hələ davam edir). Olimpiya çempionu Çin şahmatçıları olub.
15:19
Azərbaycanın qadınlardan ibarət şahmat millisi Səmərqənddə (Özbəkistan) keçirilən Ümumdünya Şahmat Olimpiadasındakı çıxışını yüksək notda başa vurub.
İdman.Biz xəbər verir ki, son turda Azərbaycan şahmatçıları İran komandasını 3:1 hesabı ilə məğlub ediblər.
Milli komandanın heyətində Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva qələbə qazanıblar, Günay Məmmədzadə və Xanım Balacayeva isə partiyalarını heç-heçə başa vurublar. Komandanın Olimpiadanın yekun sıralamasındakı dəqiq mövqeyi bütün görüşlər başa çatdıqdan sonra məlum olacaq.
Bu arada Azərbaycanın kişi millisi Serbiya ilə görüşdə 2:1 hesabı ilə öndədir. Hələlik yığmamızın heyətində yeganə qələbəni qara fiqurlarla Aleksandr Predkeni məğlub edən Məhəmməd Muradlı qazanıb. Birinci lövhədə Şəhriyar Məmmədyarov Aleksey Sarana ilə heç-heçə edib, Eltac Səfərli isə Boyan Maksimoviçlə sülhə razılaşıb. Aydın Süleymanlının partiyası davam edir.
Qeyd edək ki, Özbəkistan Ukrayna ilə görüşdə 2:1 hesabı ilə öndədir və artıq bu matçda uduzmayacağı dəqiqdir. Bu isə meydan sahiblərinin çempionluğu təmin etməsi deməkdir, çünki onlar artıq Hindistan üçün əlçatmazdırlar. Hindistan isə Macarıstanla 2:2 hesablı heç-heçə edib və böyük ehtimalla ikinci yeri qoruyacaq. Üçüncü yeri isə son turda Niderlandı 2,5:1,5 hesabı ilə məğlub edən Almaniyanın tutması ehtimalı yüksəkdir. Bundan başqa, Azərbaycanla eyni xala malik olan, lakin əlavə göstəricilərdə yığmamızı qabaqlayan ABŞ Türkiyəni 3:1 hesabı ilə məğlub edib və yekunda da Azərbaycanı üstələyəcək.
Azərbaycan şahmatçılarının bürünc medal şansını qoruması üçün Almaniya və ABŞ-nin qələbə qazanmaması lazım idi. Beləliklə, Azərbaycanın kişi millisi qalib gələcəyi halda maksimum beşinci yerə ümid edə bilər.
10:08
Azərbaycanın kişi və qadın şahmat milliləri Səmərqənddə (Özbəkistan) keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında son görüşlərini keçirəcəklər.
İdman.Biz xəbər verir ki, bu gün yarışın 11-ci turunun partiyaları baş tutacaq. Azərbaycanın kişi millisi Serbiya komandası ilə, qadın yığması isə İranla qarşılaşacaq.
Kişilərdən ibarət komandanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli yer alıblar. Qadın millisində isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər.
Əvvəlki on turda kişi millisi altı qələbə qazanıb. Azərbaycan Mərakeşi (4:0), Filippini (3:1), İsveçrəni (3:1), Argentinanı (2,5:1,5), Yunanıstanı (3,5:0,5) və Bolqarıstanı (2,5:1,5) məğlub edib. Çexiya, Rumıniya və Hindistanla görüşlər 2:2 hesablı heç-heçə ilə başa çatıb, komanda yeganə məğlubiyyətini Ermənistandan alıb - 1,5:2,5.
Qadın millisi də altı görüşdə qalib gəlib. Azərbaycan Qvatemalanı (4:0), Danimarkanı (4:0), İsveçi (2,5:1,5), İngiltərəni (2,5:1,5), Serbiyanı (3:1) və Çexiyanı (4:0) məğlub edib. Argentina ilə görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Azərbaycan şahmatçıları Qazaxıstan və Ermənistana eyni hesabla - 1,5:2,5, Sloveniyaya isə 0,5:3,5 hesabı ilə uduzublar.
Son turdan əvvəl Azərbaycanın kişi millisi 15 xalla yeddinci yeri tutur və bürünc medal şansını qoruyur. Qadın komandası 13 xal toplayıb və 23-cü pillədə qərarlaşıb.
