“Sheki Open 2026” beynəlxalq şahmat festivalının açılışı olub - FOTO

19 İyun 2026 20:32
105
“Sheki Open 2026” beynəlxalq şahmat festivalının açılışı olub

İyunun 19-da Şəki şəhərində “Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib.

Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, yarışın təşkilatçısı Təbriz İdrisov və VMF şirkətinin rəhbəri Vahid Mustafayev çıxış ediblər.

Fəxri qonaqlar sırasında Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov da yer alıb.
Daha sonra festivalın baş hakimi, beynəlxalq hakim Şaiq Quliyev yarışın qaydaları və təşkilati məsələlər barədə iştirakçılara ətraflı məlumat verib.

Festivalda Azərbaycanla yanaşı Macarıstan, Hindistan, İsrail, Qazaxıstan, Çin, İran, Türkiyə, Ukrayna və FIDE bayrağı altında çıxış edən şahmatçılar olmaqla 9 ölkədən 400-dən çox iştirakçı mübarizə aparır.

Beynəlxalq reytinq hesablamalı turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Yarış iştirakçıları A, B və C qruplarında, həmçinin rapid və blits turnirlərində ustalığını sınayacaq.

Turnirin reytinq favoriti Macarıstan təmsilçisi, beynəlxalq qrossmeyster Sanan Sjugirovdur (2556).

Festival peşəkar şahmatçılarla yanaşı, gənc istedadların inkişafı üçün mühüm platforma hesab olunur. Yarışda beynəlxalq qrossmeysterlər, beynəlxalq ustalar, FIDE ustaları və müxtəlif yaş kateqoriyalarında çıxış edən perspektivli şahmatçılar iştirak edirlər.
Son illərdə beynəlxalq şahmat yarışlarının təşkilində zəngin təcrübə qazanan Azərbaycan növbəti dəfə dünyanın müxtəlif ölkələrindən olan şahmatçıları bir araya gətirərək ölkənin idman potensialını və turizm imkanlarını nümayiş etdirir.

“Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalı iyunun 25-dək davam edəcək.

İdman.Biz
Məqalədə: