Bu gün yeniyetmələr arasında beşinci LANDAU Şahmat Festivalının açılış mərasimi baş tutub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilir ki, festival Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Şahmat Federasiyasının dəstəyi ilə iyun ayının 21-dək LANDAU School-un "Sea Breeze" korpusunda keçiriləcək.
Açılış mərasimində Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənov, LANDAU School-un təsisçisi Timur Leznik və Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev çıxış ediblər. Çıxışlar zamanı şahmatın yeniyetmələrin intellektual inkişafında oynadığı mühüm rolu vurğulanıb, həmçinin festivalın gənc şahmatçıların potensialının üzə çıxarılması və bu sahəyə marağın artırılması baxımından əhəmiyyəti qeyd olunub.
Yarış 8, 10 və 12 yaşadək oğlan və qızlar arasında fərdi formatda keçirilir. Hər yaş kateqoriyası üzrə bir oğlan və bir qız qalib müəyyən ediləcək. Bundan əlavə, yekunda bütün iştirakçılar arasında bir əsas qalib seçiləcək. Festivalın əsas qalibi 11-18 oktyabr tarixlərində Gəncədə keçiriləcək “Ganja Open 2026” Şahmat Festivalında iştirak hüququ qazanacaq. Qalibin yarışla bağlı bütün xərcləri LANDAU School tərəfindən qarşılanacaq.
Qeyd edək ki, LANDAU Şahmat Festivalının baş hakimi Azər İbrahimovdur.
