Azərbaycanın qadın şahmatının lideri Batumidə Avropa çempionatına uğurlu start verib - İDMAN.BİZ-in İCMALI

27 May 2026 13:27
163
Azərbaycanın qadın şahmatının lideri Batumidə Avropa çempionatına uğurlu start verib - İDMAN.BİZ-in İCMALI

Azərbaycan qadın şahmatının lideri Ülviyyə Fətəliyeva Gürcüstanın Batumi şəhərində keçirilən fərdi Avropa çempionatına uğurlu start verib və dərhal turnir cədvəlinin zirvəsinə yüksəlib.

İdman.Biz xəbər verir ki, Fətəliyeva qitə birinciliyinin ilk iki turunda maksimum nəticə göstərib və iki xalla 1-18-ci yerləri bölüşsə də, əlavə göstəricilərə görə turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

İlk iki turda Azərbaycan şahmatçısı Estoniyadan Marqaret Olde və Gürcüstandan Maka Purtseladzeni məğlub edib. Üçüncü turda Fətəliyeva həmvətənimiz Türkan Məmmədyarova ilə qarşılaşacaq.

Qeyd edək ki, Batumidə keçirilən Avropa çempionatında Azərbaycan qadın şahmatının keçmiş lideri Günay Məmmədzadə də iştirak edir. O, ötən il ana olduqdan sonra yenidən böyük şahmata qayıdıb. Startda 1,5 xal toplayaraq 31-ci yerdə qərarlaşıb.

Gövhər Bəydullayeva və Türkan Məmmədyarova da 1,5 xal toplayaraq müvafiq olaraq 24-cü və 29-cu yerləri bölüşürlər. Digər Azərbaycan şahmatçıları isə 1 xaldan az nəticə göstəriblər. Ümumilikdə Batumidə Azərbaycandan 11 şahmatçı mübarizə aparır.

Qeyd edək ki, Gövhər Bəydullayeva Polşanın Katovitse şəhərində keçirilən kişi (açıq) Avropa çempionatında da iştirak etmiş yeganə Azərbaycan şahmatçısı olub. O, həmin turnirdə 6 xal toplayaraq 501 iştirakçı arasında 174-cü yeri tutub. Açıq yarışda qadınlar arasında isə 56 iştirakçı içində 7-ci olub.

Əlavə edək ki, Batumidə Avropa çempionatının yekununda ilk 10 yeri tutan şahmatçılar 2027-ci il Dünya Kubokuna vəsiqə qazanacaqlar.

İdman.Biz