“Azərbaycan Şahmat Federasiyasının (AŞF) yeniyetmə və gənc şahmatçılar üçün dəstək proqramı 1 il nəzərdə tutulub”.
Bu barədə yeniyetmə və gənc şahmatçılardan ibarət Azərbaycan yığmalarının baş məşqçisi Nicat Məmmədov bildirib.
Mütəxəssis AŞF tərəfindən oyunçulara təqdim olunan dəstək proqramı barədə danışıb.
O, sözügedən layihəyə seçim və hazırlıq proqramından söz açıb. N.Məmmədov dəstəyin bir il ərzində nəzərdə tutulduğunu deyib.
“Hazırlıqlar məşqçilərin qrupa uyğun hazırladığı proqramlar əsasında aparılır. Əsas məqsəd dünya və Avropa çempionatına qədər uşaqların hazır vəziyyətə gətirilməsidir. Seçim AŞF-nin dəstək proqramında qeyd edilən kriteriyalara əsasən, qruplara piramidə formasında - yaş artıqca azalan formada qəbul olunur. Fərdi dəstək Azərbaycan çempionatı və Avropa çempionatının mükafatçılarına və qismən yaş-reytinq faktoruna baxılaraq göstərilir. Sonda qeyd edilən kateqoriya həm fərdi, həm də qrup dəstəyi alır. Dəstək şahmatçıların inkişafı nəzərə alınaraq bir il nəzərdə tutulur”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
Xatırladaq ki, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi yeniyetmə və gənclərdən ibarət yığmalarda çıxış edən şahmatçıların valideynləri ilə görüş keçirib. Toplantıda qurum tərəfindən şahmatçılara təqdim olunan dəstək proqramı barədə məlumat verilib.
