“Baku Open” festivalının başa çatmasına iki tur qalmış üç azərbaycanlı şahmatçı ilk onluqda qərarlaşıb.
İdman.Biz-in məlumatına görə, yeddi turun nəticələrinə əsasən, Azərbaycan təmsilçiləri arasında ən yaxşı göstəricini 5 xal toplayaraq beşinci pillədə yer alan Turan Davudov nümayiş etdirir.
Yeddinci turda Davudov digər azərbaycanlı şahmatçı Şiroğlan Talıbovla heç-heçə edib. O, növbəti - sondan əvvəlki turda 15-ci dünya çempionu Vişvanatan Anandın adaşı Pranav Anandla qarşılaşacaq.
Qeyd edək ki, Davudov turnirə reytinqinə görə 43-cü nömrə ilə başlayıb. Hazırda 17 yaşlı şahmatçı reytinqini 48 bənd artırıb və qalan iki turda məğlubiyyət yaşamasa, bu göstəricini daha da yaxşılaşdıra bilər.
Turnirin ilk onluğunda Xəqan Əhməd və Nicat Abbasov da yer alır. Hər iki şahmatçı 5 xal toplayaraq müvafiq olaraq doqquzuncu və onuncu pillələrdə qərarlaşıb. Yeddinci turda Əhməd iranlı Sina Movahədə uduzub və səkkizinci turda FIDE-nin sabiq dünya çempionu Ruslan Ponomaryov (Ukrayna) ilə qarşılaşacaq. Nicat Abbasov isə həmyerlisi Süleyman Süleymanov üzərində qələbə qazanıb. Onun növbəti rəqibi David Kaufman (FIDE) olacaq.
Qeyd edək ki, turnirin başa çatmasına iki tur qalmış cədvələ 6 xal toplayan iki şahmatçı - Sina Movahəd (İran) və Mayank Çakraborti (Hindistan) başçılıq edir.
