Şəhriyar Məmmədyarovun yetirməsi “Baku Open”də liderlər sırasında - İDMAN.BİZ-in İCMALI

4 May 2026 11:30
166
Şəhriyar Məmmədyarovun yetirməsi “Baku Open”də liderlər sırasında - İDMAN.BİZ-in İCMALI

Azərbaycan şahmatçısı Xəqan Əhməd bu günlərdə paytaxtda keçirilən ənənəvi "Baku Open" festivalında liderlər qrupunda yer alır.

İdman.Biz-in məlumatına görə, altı turdan sonra Əhmədin aktivində 5 xal var və o, 1-5-ci yerləri bölüşür, əlavə göstəricilərə əsasən isə beşinci pillədə qərarlaşıb.

O, altıncı turda azərbaycanlı şahmatçı Süleyman Süleymanlı üzərində qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycanın aparıcı qrossmeysterlərindən Şəhriyar Məmmədyarovun yetirməsi olan Əhməd yerli şahmatçılar arasında heç-heçəsi olmayan azsaylı oyunçulardandır.

Həmçinin Tunar Davudovun çıxışı da diqqət çəkir. O, 4,5 xal toplayaraq altıncı yerdə qərarlaşıb. O, beşinci turda neytral statusda çıxış edən güclü rusiyalı şahmatçı Polina Şuvalovanı məğlub edib.

Digər tərəfdən, bu yaxınlarda fərdi Avropa çempionatında gümüş medal qazanan Nicat Abbasov Bakı turnirində hələlik o qədər də uğurlu çıxış etmir. Dörd xal toplayan şahmatçı 17-ci pillədə qərarlaşıb.

Turnirin ən titullu iştirakçısı, FIDE-nin keçmiş dünya çempionu Ruslan Ponomaryov isə 4,5 xal toplayaraq liderlərə yaxın qrupda, 9-cu yerdə qərarlaşıb. Liderlər qrupunda Xəqan Əhmədlə yanaşı, üç hindistanlı və bir iranlı şahmatçı da yer alır.

Qeyd edək ki, Bakı turniri 6 may tarixinədək davam edəcək və ümumilikdə doqquz turdan ibarətdir.

İdman.Biz