Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı il mayın 1-nə olan dünya reytinq siyahısını açıqlayıb.
İdman.Biz xəbər verir ki, yenilənmiş siyahıda Azərbaycan qrossmeysteri Aydın Süleymanlı ciddi irəliləyişə imza atıb.
Belə ki, şahmatçımız 12 reytinq xalı qazanaraq ümumi göstəricisini 2665-ə çatdırıb və 15 pillə irəliləyərək dünya reytinqində 49-cu yerə yüksəlib. Bu nəticə onun karyerasında ən yüksək göstəricidir. Süleymanlının yüksəlişi Polşanın Katovitse şəhərində keçirilən şəxsi Avropa çempionatındakı uğurlu çıxışı ilə bağlıdır. O, həmin turnirdə məğlubiyyət yaşamadan bürünc medal qazanıb.
Azərbaycan şahmatçıları arasında liderliyini qoruyan Şəhriyar Məmmədyarov isə hesabat dövründə 2 xal artıraraq 2717 xalla 26-cı pillədə qərarlaşıb və bir mövqe irəliləyib.
Digər təmsilçilərimizdən Teymur Rəcəbov (2689 xal) 39-cu, Eltac Səfərli (2648 xal) 70-ci, Rauf Məmmədov (2636 xal) isə 90-cı sırada yer alıblar.
Diqqətçəkən məqamlardan biri isə odur ki, dünya reytinqinin ilk onluğunda ilk dəfə olaraq Özbəkistanın iki şahmatçısı – Nodirbek Abdusattorov və Cavaxir Sindarov yer alıb. Sindarov ötən ay İddiaçılar turnirinin qalibi olaraq dünya çempionu adı uğrunda hazırkı çempion, hindistanlı Dommaracu Qukeşlə qarşılaşmaq hüququ qazanıb. Qeyd edək ki, Qukeş hazırda 2732 xalla reytinqdə 18-ci pillədədir. Onların görüşünün noyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır.
Hazırda dünya reytinqinin ilk onluğu belədir: Maqnus Karlsen (Norveç, 2840), Hikaru Nakamura (ABŞ, 2792), Fabiano Karuana (ABŞ, 2788), Nodirbek Abdusattorov (Özbəkistan, 2780), Cavaxir Sindarov (Özbəkistan, 2776), Aniş Giri (Niderland, 2767), Vinsent Kaymer (Almaniya, 2759), Əlirza Firuzca (Fransa, 2759), Uesli So (ABŞ, 2754) və Vey İ (Çin, 2753).
Qadın şahmatçılar arasında isə Azərbaycan təmsilçiləri arasında liderliyini Ülviyyə Fətəliyeva qoruyur. O, 2450 xalla dünya reytinqində 26-cı pillədədir. Digər şahmatçılarımızdan Günay Məmmədzadə (2374 xal) 69-cu, Gövhər Beydullayeva (2368 xal) 72-ci, Xanım Balacayeva (2350 xal) isə 94-cü yerdə qərarlaşıb.
