Azərbaycan şahmatının parlaq ulduzu: Aydın Süleymanlı 21 yaşında

22 Mart 2026 13:33
92
Azərbaycan şahmatının parlaq ulduzu: Aydın Süleymanlı 21 yaşında

Bu gün Azərbaycan şahmatının ən parlaq ulduzlarından biri, beynəlxalq qrossmeyster Aydın Süleymanlının ad günüdür.

İdman.Biz xəbər verir ki, 2005-ci il martın 22-də Bakıda anadan olan Aydın Süleymanlı gənc yaşına rəğmən karyerasına möhtəşəm titullar sığdırıb. O, 2024-cü ildə Məhəmməd Muradlı ilə gərgin final mübarizəsindən qalib ayrılaraq kişi şahmatçılar arasında Azərbaycan çempionu tituluna sahib çıxıb.

Onun beynəlxalq arenadakı uğurları da olduqca zəngindir. Aydın 2013-cü ildə səkkiz yaşlılar, 2017-ci ildə isə 12 yaşlılar arasında Avropa çempionu adını qazanıb. 2014-cü ildə şahmatın blits və rapid növü üzrə 10 yaşlı oğlanlar arasında qitənin ən güclüsü olub. 2019-cu ildə Hindistanın Mumbay şəhərində keçirilən dünya çempionatında 14 yaşlılar arasında qızıl medal qazanaraq dünya çempionu zirvəsinə ucalıb. Həmin il o, həm də gənclərdən ibarət yığmanın heyətində Dünya Şahmat Olimpiadasının qalibi olub.

Qrossmeysterimizin ən səs-küylü qələbələrindən biri 2020-ci ildə Moskvada keçirilən nufuzlu “Aeroflot Open” turnirində qeydə alınıb. Aydın cəmi 14 yaşında bu turnirin qalibi olaraq şahmat tarixinə ən gənc qaliblərdən biri kimi adını yazdırıb.

Hazırda Azərbaycan millisinin əsas heyət üzvü olan Aydın Süleymanlı beynəlxalq reytinqdə yüksək mövqelərini qoruyur və ölkəmizi layiqincə təmsil edir.

Aydın Süleymanlı həmçinin beynəlxalq reytinqdə 2600-lük səddi aşaraq dünyanın ən güclü gənc şahmatçıları siyahısında yer almağa davam edir.

İdman.Biz