Azərbaycanın iki şahmatçısı Avropa çempionatının ilk onluğunda yer alıb – İDMAN.BİZ-in İCMALI

29 May 2026 10:17
491
Azərbaycanın iki şahmatçısı Avropa çempionatının ilk onluğunda yer alıb – İDMAN.BİZ-in İCMALI

Gürcüstanın Batumi şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa çempionatında Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva ilk onluqda qərarlaşıblar.

İdman.Biz xəbər verir ki, qitə birinciliyinin dörd turundan sonra Məmmədzadə 3,5 xal toplayaraq altıncı pillədə qərarlaşıb. Üç xalı olan Fətəliyeva isə onuncu yerdədir.

Dördüncü turda Günay bolqarıstanlı Qabriela Antovanı məğlub edib və beşinci turda Oliviya Kiolbasa (Polşa) ilə qarşılaşacaq. Ülviyyə isə hesabat turunda bolqarıstanlı Nadiya Tonçeva ilə heç-heçə edib və növbəti turda Anna Kazaryanla (Niderland) üz-üzə gələcək.

Xatırladaq ki, Batumidə keçirilən qitə birinciliyi Günay Məmmədzadə üçün övladının dünyaya gəlməsi ilə bağlı fasilədən sonra ilk ciddi turnirdir.

Nərmin Abdinova da uğurlu çıxışı ilə diqqət çəkir. Startdakı məğlubiyyətdən sonra ardıcıl üç qələbə qazanan şahmatçı hazırda 3 xalla 27-ci pillədə qərarlaşıb. Azərbaycan təmsilçilərindən Gövhər Beydullayeva (46-cı yer), Türkan Məmmədyarova (49-cu yer), Səbinə İbrahimova (51-ci yer), Gülnar Məmmədova (53-cü yer) və Mələk İsmayılın (59-cu yer) aktivində isə 2,5 xal var.

Əlavə edək ki, Avropa çempionatının yekununa əsasən ilk on yeri tutacaq şahmatçılar 2027-ci il Dünya Kubokuna vəsiqə qazanacaqlar.

İdman.Biz