Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Batumidə (Gürcüstan) keçirilən qadınlar arasında şəxsi Avropa çempionatında üçüncü qələbəsini qazanaraq lideri təqib edir.
İdman.Biz xəbər verir ki, qitə birinciliyinin beşinci turunda Fətəliyeva Anna Kazaryan üzərində qələbə qazanıb.
Beş turdan sonra Azərbaycan şahmatçısının hesabında 4 xal var. O, 2–14-cü yerləri bölüşsə də, əlavə göstəricilərə əsasən altıncı pillədə qərarlaşıb. Təqibçilər qrupunu vahid lider olan türkiyəli Elif Aydından cəmi yarım xal ayırır. Üstəlik, Fətəliyeva altıncı turda məhz Aydınla qarşılaşacağı üçün onu birinci yerdən məhrum etmək şansına malikdir.
Xatırladaq ki, Ülviyyə 2024-cü ildə qadınlar arasında Avropa çempionatının qalibi olaraq bu uğura imza atan ilk Azərbaycan şahmatçısı olub. Kişilər arasında isə Avropa şahmat tacı hələlik heç bir azərbaycanlı şahmatçıya nəsib olmayıb.
Eyni zamanda, Günay Məmmədzadə ilk onluqda mövqeyini qoruya bilməyib. Dörd turdan sonra mümkün 4 xaldan 3,5 xal toplayaraq uğurlu start edən Məmmədzadə beşinci turda Olivia Kiolbasaya məğlub olub və eyni 3,5 xalla 18-ci pilləyə geriləyib.
Azərbaycan şahmatçıları arasında Nərmin Abdinova (39-cu yer), Gülnar Məmmədova (60-cı yer) və Gövhər Beydullayeva (64-cü yer) hərəyə 3 xal toplayıblar.
Əlavə edək ki, Avropa çempionatının yekununa əsasən ilk on yeri tutacaq şahmatçılar 2027-ci il Dünya Kubokuna vəsiqə qazanacaqlar.
