Anar Allahverdiyev: “Vüqar Həşimov Memorialına böyük maraq var”

Xəbərlər
5 Dekabr 2025 20:15
68
Anar Allahverdiyev: “Vüqar Həşimov Memorialına böyük maraq var”

Xankəndi şəhərində keçiriləcək XI Vüqar Həşimov Memorialına hazırlıq yüksək səviyyədə gedir.

İdman.Biz xəbər verir ki bunu turnirin direktoru Anar Allahverdiyev mətbuata açıqlamasında bildirib.

Mütəxəssis yarış iştirakçılarının yüksək səviyyədə mübarizə aparacağına inanır:

“XI Vüqar Həşimov Memorialına hazırlıq yüksək səviyyədə davam edir. Yarışın keçiriləcəyi məkan və oyunçular müəyyənləşib. Bu dəfə şahmatçıların mübarizəsi Xankəndi şəhərində baş tutacaq”.

Xankəndi şəhərində təşkil olunacaq yarışın 44 günlük Vətən müharibəsində qazanılan qələbənin simvolu olduğunu söyləyən Allahverdiyev turnirdə güclü şahmatçıların üz-üzə gələcəyini deyib:

“Ötən il Memorial Şuşada oldu. Fəxr hissi ilə bu yarışın böyük statuslu beynəlxalq turnir olduğunu deyə bilərəm. Güclü şahmatçılar üz-üzə gələcəklər. Məsələn, rusiyalı Yan Nepomnyaşi elit şahmatçılar siyahısına daxildir və çox güclüdür. Gənc ulduzlardan özbəkistanlı Nodirbek Yakubboyevin adını çəkə bilərəm. Çox gözəl oyunu ilə bütün türk dünyasını sevindirir. Digər şahmatçılar da uğurlu çıxışları ilə yadda qalırlar. Yerli şahmatçılardan “Vüqar Həşimov” klubunun lideri olan, 3 qat Avropa çempionu, uzun illər Vüqarla bir komandada çıxış edən Rauf Məmmədov və Aydın Süleymanlı da yarışacaqlar. Əlbəttə, bu turnirə böyük maraq var. Yarışın Xankəndidə keçirilməsi şahmatın regionlarda inkişafına da böyük təkan verir”.

Direktor yarışın formatı ilə bağlı da məlumat verib: “Yarış blits və rapid növlərində keçiriləcək. Rapiddə 15 dəqiqə + 10 saniyə, blitsdə isə 3 dəqiqə + 2 saniyə vaxt olacaq. Şahmatdan zövq almaq üçün vaxt olaraq qısaldılmış formatda keçirilir. Artıq bununla ayaqlaşmaq lazımdır. Vüqar Həşimov Memorialı da böyük nəzarət vaxtı ilə başlamışdı. Ancaq zamanın tələblərini nəzərə alaraq, biz də bu formata keçid etdik. Belə olan halda oyun daha dinamik və həyəcanlı keçir. Mübarizə baxımından isə öz şahmatçılarımızın yüksək səviyyədə çıxışına və yüksək yerlər tutacağına inanırıq”.

Qeyd edək ki turnir dekabrın 9-11-də keçiriləcək.

İdman.Biz