Azərbaycan boksçusu Avropa çempionatının bürünc medalını təmin edib - FOTO

21 Sentyabr 2026 22:18
764
Azərbaycan boksçusu Avropa çempionatının bürünc medalını təmin edib

Bolqarıstanın Sofiya şəhərində kişilər və qadınlar arasında boks üzrə Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışın beşinci günündə Azərbaycanın dörd nümayəndəsi rinqə çıxıb.

Ən uğurlu çıxışı Nəbi İsgəndərov edib. 70 kiloqram çəki dərəcəsində dörddəbir finalda Azərbaycan boksçusu macarıstanlı Kalman Hankoya qalib gələrək yarımfinala yüksəlib. Beləliklə, İsgəndərov özünə ən azı Avropa çempionatının bürünc medalını təmin edib.

Səidcəmşid Cəfərov (75 kq) 1/8 final döyüşündə Almaniya təmsilçisi Mouhime Abdoulaya qarşılaşıb. Azərbaycanlı boksçu rəqibindən üstün olaraq dörddəbir finala vəsiqə qazanıb.

Milli komandanın digər iki nümayəndəsi üçün isə turnir başa çatıb. Məhəmmədəli Aşirəliyev (60 kq) 1/8 finalda ukraynalı Aider Abduraimova, Murad Allahverdiyev (80 kq) isə serb Rastko Simiçə məğlub olub.

Daha əvvəl Avropa çempionatının dörddəbir finalına Subhan Məmmədov (50 kq), Amin Məmmədzadə (55 kq), Malik Həsənov (65 kq) və Məhəmməd Abdullayev (+90 kq) də yüksəliblər.

Ümumilikdə Azərbaycan turnirdə 11 boksçu ilə təmsil olunur. Onlardan beşi artıq çıxışını başa vurub.

İdman.Biz