Almaniyadakı “Odlar Yurdu” boks klubunun üzvləri qələbələrini Zəfər Gününə həsr ediblər - FOTO

8 Noyabr 2026 15:57
49
Almaniyadakı “Odlar Yurdu” boks klubunun üzvləri qələbələrini Zəfər Gününə həsr ediblər - FOTO

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri beynəlxalq “Elbe BOXPOKAL” turnirində uğurla çıxış ediblər.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, “Odlar Yurdu”, “BSV Return to Fight” və “Keirat” boks klublarının birgə təşkilatçılığı ilə baş tutan yarışda Avropanın bir sıra ölkələrini, eləcə də Almaniyanın müxtəlif şəhərlərini təmsil edən idmançılar mübarizə aparıblar. Müxtəlif yaş qrupları üzrə keçirilən yarışın yekununda fərqlənən idmançılar müəyyənləşib, qaliblər kubok və mükafatlara layiq görülüblər.

“Odlar Yurdu” boks klubunun idmançıları turnirdə qazandıqları qələbələri 8 Noyabr - Zəfər Gününə həsr ediblər.

Klubun rəhbəri, IBF Avropa kəmərinin və bir sıra digər beynəlxalq kəmərlərin sahibi, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Azad Əzizov bildirib ki, 8 Noyabr - Zəfər Günü hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir: “Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümündə bu sevinci idman uğurları ilə qeyd etmək, Azərbaycan xalqının qürur və sevincinə öz töhfələrini vermək “Odlar Yurdu” klubunun idmançıları üçün xüsusi əhəmiyyət daşıyır. Boksçular rinqdə əzmlə mübarizə apararaq qazandıqları qələbələri xalqımızın Zəfər sevincinə həsr ediblər”.

A.Əzizov vurğulayıb ki, bu uğurlar təkcə idman nailiyyəti deyil, həm də Vətənə bağlılığın, milli ruhun, əzmkarlığın və Azərbaycan kimliyinə sədaqətin ifadəsidir. O, şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlblərdə yaşadığını, onların fədakarlığının xalqımızın qazandığı tarixi Zəfərin təməlində dayandığını bildirib.

İdman.Biz