Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Seneqalda 51 kq çəki dərəcəsində mübarizə aparan milli komanda üzvü finalda Qrenyellis Qarsiya (Venesuela) ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan G.Hüseynova Olimpiya Oyunlarının ikincisi olub. O, bununla da Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.
Xatırladaq ki, Gülər Hüseynovadan əvvəl oğlan boksçulardan Rüfət Hüseynov (49 kq) Nankin-2014-də qızıl, Sinqapur-2010-da Salman Əlizadə (48 kq) ilə Elvin İsayev (57 kq) gümüş, Buenos-Ayres-2018-də isə Nurlan Səfərov (60 kq) bürünc mükafat əldə ediblər.
Qeyd edək ki, ötən günün nəticələrinə əsasən, Azərbaycan millisi Dakar şəhərində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarının medal sıralamasında 3 qızıl və 2 gümüş medalla 12-ci pillədə qərarlaşıb.
Hazırda Azərbaycan komandasının aktivində beş medal var. Cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medallara sahib çıxıblar. Digər çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) isə Yeniyetmələrin dördüncü Yay OLimpiya Oyunlarını gümüş medalla başa vurublar.
Oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər - üçüncü MDB Oyunlarının qalibi, Altıncı İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və altıncı İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdı.
