Xorvatiyalı boksçu Filip Xrqoviç ağır çəkidə Beynəlxalq Boks Federasiyası (IBF) versiyası üzrə sensasion şəkildə dünya çempionu olub. O, karyerasındakı ilk böyük beynəlxalq uğurlarından birini məhz Bakıda qazanıb.
İdman.Biz xəbər verir ki, 34 yaşlı xorvatiyalı Londondakı “O2 Arena”da 21 yaşlı britaniyalı ulduz Moses İtaumanı doqquzuncu raundda texniki nokautla məğlub edərək daha əvvəl Aleksandr Usikin sahib olduğu IBF kəmərinə yiyələnib. Döyüş doqquzuncu raundun 2 dəqiqə 27-ci saniyəsində dayandırılıb.
Nəticə böyük sensasiya kimi qiymətləndirilib. İtauma döyüşə 14-0 rekordla çıxmışdı və 12 qələbəsini nokautla qazanmışdı. O, dünya boksunun əsas gənc istedadlarından biri hesab olunurdu. Qeyd edək ki, britaniyalı Mayk Taysondan sonra ağır çəkidə dünyanın ən gənc çempionu olmağa çalışırdı. Xrqoviç isə bukmekerlər tərəfindən təxminən 7-1 nisbətində autsayder hesab olunurdu.
Döyüşün başlanğıcı proqnozlara tam uyğun keçib. Daha gənc və sürətli İtauma üstünlüyə sahib olub, ikinci raundda xorvatiyalını nokdauna da göndərib. Xrqoviç özü də sonradan etiraf edib ki, onun fikrincə, ilk səkkiz raundun hamısında rəqibinə uduzub. Lakin britaniyalı peşəkar karyerasında ilk dəfə bu qədər uzun döyüşdə iştirak edib və görüşün sonlarına yaxın nəzərəçarpacaq dərəcədə yorulmağa başlayıb.
Xrqoviç ilk təzyiqə tab gətirib və tədricən döyüşün gedişatını dəyişib. Doqquzuncu raundda İtaumanın demək olar ki, gücü qalmayıb. Xorvatiyalı rəqibini iplərin kənarına sıxışdıraraq ardıcıl zərbələr endirib. Referi Hovard Foster döyüşü dayandırıb. Eyni vaxtda britaniyalının küncündən də rinqə ağ dəsmal atılıb. Beləliklə, Xrqoviç peşəkar karyerasında ilk çempionluq kəmərinə sahib olub.
Maraqlıdır ki, gələcək dünya çempionu ilk böyük beynəlxalq titulunu bundan 16 il əvvəl məhz Azərbaycanın paytaxtında qazanıb.
2010-cu ildə 17 yaşlı Xrqoviç AIBA-nın Bakıda keçirilən gənclər arasında dünya çempionatında iştirak edib. 91 kq-dan yuxarı çəki dərəcəsində xorvatiyalı dörd döyüş keçirib və dünya çempionu olub. Qızıl medal yolunda o, macar Yozej Jigmondu, azərbaycanlı Fərqan Ömərovu, gələcək peşəkar dünya çempionu Yeni Zelandiyadan olan Cozef Parkeri və daha bir gələcək dünya çempionu – fransalı Toni Yokanı məğlub edib.
Üstəlik, Ömərov Xrqoviçin qarşılaşdığı yeganə azərbaycanlı boksçu olmayıb. Bundan iki ildən də az müddət sonra xorvatiyalı yenidən Bakıda rinqə çıxıb. 4 fevral 2012-ci ildə Dünya Boks Seriyası (WSB) çərçivəsində “Sərhədçi” Olimpiya İdman Mərkəzində həmin vaxt Fransanın “Paris United” komandasında çıxış edən Xrqoviç “Baku Fires”in üzvü Əbdülqadir Abdullayevlə qarşılaşıb. Bu döyüş də xorvatiyalının xallarla qələbəsi ilə başa çatıb.
Yeri gəlmişkən, hazırkı IBF kəmərinin Bakı ilə əlaqəsi bununla da bitmir. Titulun əvvəlki sahibi Aleksandr Usik də Azərbaycan paytaxtında dünya çempionu olub. 2011-ci ildə ukraynalı AIBA-nın Bakıda keçirilən böyüklər arasında dünya çempionatında iştirak edib və 91 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Üstəlik, oktyabrın 8-də keçirilən finalda Usik məhz Azərbaycan təmsilçisi Teymur Məmmədovla qarşılaşıb və onu 25:15 hesabı ilə məğlub edib. Bundan əvvəl ukraynalı həmin turnirdə Yevgenius Tutkusu, Tervel Pulevi, gələcək peşəkar dünya çempionu Artur Beterbiyevi və Sergey Korneyevi məğlub edib.
Beləliklə, maraqlı tarixi paralel yaranır: hazırkı IBF çempionu Xrqoviç 2010-cu ildə Bakıda gənclər arasında dünya çempionatında qızıl medal qazanıb, bu peşəkar kəmərin əvvəlki sahibi Usik isə cəmi bir il sonra Azərbaycan paytaxtında böyüklər arasında dünya çempionu olub.
Lakin 2011-ci ildə Bakıda keçirilən həmin dünya çempionatı ilə əlaqəli ağır çəkidə yeganə məşhur ad bu deyil. Turnirdə gələcək ikiqat peşəkar dünya çempionu Entoni Coşua da iştirak edib. Britaniyalı 91 kq-dan yuxarı çəki dərəcəsində finala qədər irəliləyib və həlledici görüşdə Azərbaycan boksçusu Məhəmməd Rəsul Məcidovla qarşılaşıb.
Son dərəcə gərgin keçən final döyüşündə Məcidov gələcək peşəkar boks ulduzunu 22:21 hesabı ilə məğlub edərək dünya çempionu olub. Coşua isə gümüş medalla kifayətlənib.
Beləliklə, Bakı bir neçə məşhur ağırçəkili boksçunun karyerasında xüsusi yer tutur. Xrqoviç və Usik müxtəlif yaş kateqoriyalarında həvəskarlar arasında burada dünya çempionu olublar, Coşua isə finalda azərbaycanlı boksçu Məcidova məğlub olub. İllər sonra bu üçlük peşəkar boksda da çempionluq kəmərlərinə sahib çıxıb. Məqalədə adı çəkilən Azərbaycan təmsilçiləri isə peşəkar boksda ciddi uğurlarla öyünə bilmirlər.
