Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokuna yekun vurulub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, 49 ölkədən 400 idmançının qatıldığı yarışda Azərbaycan millisi tarixi nəticəyə imza atıb.
Komandamız Dünya kubokunda ilk dəfə üç qızıl və bir bürünc medal qazanıb.
Finalda Sübhan Mamedov (50 kq) İssam Bensayarla (Mərakeş) döyüşüb. Hər üç raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.
Onun ardınca Məhəmməd Abdullayev (+90 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə Davit Çaloyana (Ermənistan) gücünü göstərib. Rəqibini 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən Abdullayev komandamızın üçüncü qızıl medalını rəsmiləşdirib və Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.
Millimizin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kq) Dünya kubokunun qalibi olub, daha öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, boksçularımız aprelin 29-da Vətənə qayıdacaqlar.
